FTB böyük məlumat sızmasının nəticələri ilə üzləşir



Kibercinayətkar qrupun minlərlə hazırkı və keçmiş FTB əməkdaşına aid həssas şəxsi məlumatları oğurladığını iddia etməsindən bir həftə sonra büro hadisənin idarə olunması ilə bağlı daxili tənqidlərlə üzləşərkən zərərin miqyasını qiymətləndirməyə davam edir.

Hazırkı və keçmiş rəsmilər vəziyyəti son illərdə qurumun məlumatlarına qarşı həyata keçirilən ən ciddi pozuntulardan biri kimi qiymətləndirirlər.

Lakin bəzi FTB əməkdaşları məlumat sızmasından təsirlənib-təsirlənmədikləri barədə məlumatlandırılmadıqlarını və zərərçəkənlərə təqdim olunan təhlükəsizlik resurslarının yetərsiz olduğunu düşünürlər.

CNN-ə danışan və keçmiş həmkarları ilə əlaqə saxlayan FTB agenti rəhbərliyin nə edəcəyini bilmədiyini və agentlərə aydın tövsiyə verilmədiyini bildirib.

Hadisə bir həftə əvvəl hakerlərin FTB-nin işə müraciət edən şəxslərin məlumatlarını saxlayan onlayn portala daxil olması ilə başlayıb. Oğurlanan məlumatlar arasında sosial təminat nömrələri, təcili əlaqə məlumatları və şəxsi ünvanlar yer alır.

Hakerlər FTBI-nin qurban qurumlardan fidyə alma taktikasını təsvir etməsindən narazı olduqlarını bildirərək, büronun qrupla bağlı daha əvvəl yayımladığı xəbərdarlığın dəyişdirilməsini tələb ediblər.

FTB və kibertəhlükəsizlik sektorundakı bir çox mütəxəssis bu tələbi hakerlərin oğurlanmış məlumatları sızdıracağına dair üstüörtülü təhdid kimi qəbul edib. Kibercinayətkar qrup oğurlanmış məlumatların heç birini yayımlamağı planlaşdırmadığını iddia etsə də, onun əvvəlki qurbanlarına qarşı oxşar üsullardan istifadə etdiyi məlumdur.

FTB-nin qrupla bağlı xəbərdarlığına görə, ShinyHunters kimi tanınan hakerlər daha əvvəl texnologiya, maliyyə və pərakəndə sektorlarındakı iri şirkətləri hədəf alaraq, adətən bir dəfəyə milyonlarla müştəri qeydini ələ keçirib.

Məlumatları araşdıran mənbələrə görə, oğurlanan məlumatlar arasında Çin və Rusiya yönümlü həssas bölmələrdə çalışan FTB əməkdaşlarının məlumatları da yer alır.

FTB sözçüsü büronun hadisəyə müdaxilə prosesi boyunca əməkdaşlarla əlaqə saxladığını bildirib. Təsirlənmə ehtimalı olan əməkdaşlara ötən həftə ərzində dəfələrlə bildiriş göndərildiyini qeyd edən sözçü, kiberhücum aşkar edildikdən sonra FTBI-nin çoxşaxəli əməliyyatla dərhal hərəkətə keçdiyini və komandaların fasiləsiz çalışdığını bildirib.

Sözügedən məlumat sızması əks-kəşfiyyat, terrorizm və kibercinayətkarlıqla mübarizədə məxfiliyə önəm verən FTB agentləri arasında narahatlıq yaradıb. Mənbələr bəzi agentlərin ev ünvanlarının sızdırıla biləcəyindən və səyahət zamanı ailələri üçün təhlükəsizlik problemi yarana biləcəyindən narahat olduqlarını bildirir.

Pozuntunun geniş miqyası ciddi əks-kəşfiyyat narahatlıqlarını da gündəmə gətirib. İstintaq barədə məlumatı olan rəsmilər hakerlər tərəfindən oğurlanan ətraflı şəxsi məlumatların əvvəlki məlumat sızmalarında əldə edilən informasiyalarla birləşdirilərək həssas vəzifələrdə çalışan agentlərin müəyyənləşdirilməsində istifadə oluna biləcəyindən ehtiyat edirlər.

Xarici kəşfiyyat xidmətlərinin və ya narkotik kartellərinin bu məlumatları ələ keçirməsi halında gizli fəaliyyət göstərən agentləri hədəfə ala biləcəyi bildirilir. Mənbələr FTB-nin bu əməkdaşlara yönələn təhlükəsizlik risklərini azaltmaq üçün təcili tədbirlər görməli olduğunu vurğulayır.

Ötən il yayımlanan Ədliyyə Nazirliyinin hesabatına görə, Meksikadakı bir narkotik karteli 2018-ci ildə Mexiko şəhərində yüksək vəzifəli FTB rəsmisinin hərəkətlərini izləmək üçün haker işə götürüb. Hakerlərin şəhərin kamera sistemindən topladığı məlumatlar kartelə potensial FTB məlumatçılarını hədəfə almağa imkan verib.

FTB əməkdaşlarına elektron poçt göndərərək qurumun əməkdaşların və onların ailələrinin təhlükəsizliyinə sadiqliyini vurğulayıb. Əməkdaşlardan bütün təhlükəsizlik narahatlıqlarını aidiyyəti şəxslərə bildirmələri istənilərkən, büronun bütün FTB əməkdaşlarına aid məlumatların hakerlər tərəfindən oğurlandığını fərz edərək hərəkət etdiyi bildirilib.

Bu vəziyyət adətən iri şirkətlərə qarşı kiberhücumlara müdaxilə edən ölkənin aparıcı kibercinayətkarlıqla mübarizə qurumuna vurulmuş böyük zərbə kimi qiymətləndirilir.

FTBI-nin kibertəhlükəsizlik, təhlükəsizlik və zərərçəkənlərə xidmət bölmələri kiberhücuma dair araşdırmanı birgə aparır. Əsas məqsədin əməkdaşlara mümkün təhdidlərlə mübarizə aparmaq üçün ehtiyac duyduqları resursları təmin etmək olduğu bildirilir.

Lakin proses ərzində bəzi əməkdaşlar bu resurslara çıxış əldə edə bilmədiklərini qeyd ediblər. Qurumdaxili mənbələr FTB agentlərinin rəhbərlik tərəfindən verilməyən cavabları tapmaq üçün qurumdaxili şayiələrə üz tutduqlarını bildiriblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu