ABŞ-da özəl şirkətlərə haker hücumları həyata keçirmək səlahiyyəti verildi



ABŞ Prezidenti Donald Tramp xarici kibercinayətkar qruplara qarşı özəl şirkətlərin kiber əməliyyatlara cəlb edilməsini nəzərdə tutan yeni qərar imzalayıb. 

AFN.az xəbər verir ki, CNN News Newsource-un məlumatına görə, Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi nəzdində yaradılan proqram çərçivəsində təsdiqlənmiş ABŞ şirkətlərinə dövlət nəzarəti altında kiber əməliyyatlar həyata keçirmək səlahiyyəti veriləcək.

Proqram dövlət səviyyəsində fəaliyyət göstərən aktorları deyil, ABŞ vətəndaşlarına hər il milyardlarla dollar zərər vuran fidyə proqramları, dələduzluq və şantaj kimi fəaliyyətlərlə məşğul olan beynəlxalq cinayətkar qrupları hədəf alacaq.

Səlahiyyətli qurumlardan icazə alan və ciddi yoxlamalardan keçən özəl şirkətlər müşahidə və fəaliyyətin pozulması xarakterli kiber əməliyyatlar həyata keçirə biləcək.

Keçmiş FTB və Kibermüharibə Komandanlığı rəsmiləri Çin kimi dövlət tərəfindən dəstəklənən hakerlərin sayının ABŞ-ın dövlət imkanlarını aşması səbəbindən bu addımla rəsmi qurumların üzərinə düşən yükün azaldılmasının məqsəd qoyulduğunu bildiriblər.

Beləliklə, FTB və Kibermüharibə Komandanlığı kimi qurumlar birbaşa dövlət səviyyəsindəki təhdidlərə fokuslana biləcək.

Digər tərəfdən, ekspertlər tətbiqin ciddi risklər daşıdığına diqqət çəkirlər. Keçmiş Kibermüharibə Komandanlığı rəsmiləri federal səviyyədə koordinasiya çatışmazlığı yaranacağı təqdirdə rəsmi qurumlarla özəl kiber aktorlar arasında əməliyyat xarakterli qarşıdurmaların baş verə biləcəyini bildiriblər.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər özəl şirkətlərin xaricdəki serverlərə müdaxiləsinin istəmədən xəstəxanalar kimi kritik ictimai infrastruktura zərər vura biləcəyi barədə xəbərdarlıq ediblər.

Həmçinin belə əməliyyatlarda iştirak edən şirkət əməkdaşlarının xaricə səfərləri zamanı digər dövlətlər tərəfindən saxlanılmaq və ya sorğu-suala çəkilmək riski ilə üzləşə biləcəyi qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu