Qrenlandiya ilə bağlı razılaşma əldə edildi: DETALLAR
ABŞ, Danimarka və Qrenlandiya arasında yeni razılaşma əldə edilib.
AFN.az Ağ Evin saytında dərc olunan sənədə əsasən xəbər verir ki, Vaşinqton adada “Qızıl Qübbə” (“Golden Dome”) raketdən müdafiə sisteminin elementlərini yerləşdirmək hüququ qazanıb.
Sənədə əsasən, tərəflər ABŞ-a Qrenlandiya ərazisindən hərbi məqsədlərlə istifadə üçün çıxış verilməsi barədə razılığa gəliblər. Bu imkan Şimali Atlantika Müqaviləsi zonasının, Qrenlandiyanın və ABŞ materikinin müdafiəsi üçün zəruri hesab olunan tədbirləri, o cümlədən adada “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasını əhatə edir.
Razılaşmanın Danimarka Krallığı və Qrenlandiya tərəfindən parlament prosedurlarının tamamlanması barədə ABŞ-a diplomatik nota göndərildiyi tarixdən qüvvəyə minəcəyi bildirilir.
Sənəddə razılaşmanın müddətinin müəyyən edilmədiyi də qeyd olunur. Onun yalnız 1951-ci il ABŞ-Danimarka Müdafiə Sazişinin XIII maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə biləcəyi vurğulanır.
Qeyd edək ki, yeni razılaşma ABŞ-ın Qrenlandiyada hərbi iştirakını genişləndirməsinə imkan verir, eyni zamanda Danimarkanın adanın suverenliyinin qorunacağını bildirən mövqeyi ilə müşayiət olunur.
“Qızıl Qübbə” layihəsi ABŞ-ın raketdən müdafiə proqramıdır. Rusiya tərəfi daha əvvəl bu layihənin strateji sabitliyə təsir göstərə biləcəyi barədə narahatlığını ifadə edib.
