İran: ABŞ ilə danışıqlarda Qətər və Pakistanın vasitəçilik səyləri davam edir
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar məsələsində Qətər və Pakistanın vasitəçilik fəaliyyətlərinin davam etdiyini bildirib.
AFN.az xəbər verir ki, Əraqçi Tehranın Vaşinqtonla danışıqlara dair mövqeyini açıqlayıb.
İran dövlət televiziyasına danışan Əraqçi ABŞ ilə danışıqlara dair sualları cavablandırıb.
Xarici İşlər Nazirliyinin danışıqlardan daha çox sanksiyalar səbəbindən ölkənin iqtisadi dayanıqlılığını artırmağa yönələn fəaliyyətlərə üstünlük verdiyini bildirən Əraqçi, ehtiyac duyulan məhsulları müxtəlif yollarla əldə etməyə çalışdıqlarını və bununla düşmənlərin ölkəni blokadaya almaq, iqtisadi sanksiyalar tətbiq etmək cəhdlərini nəticəsiz qoymağa çalışdıqlarını deyib.
İranlı nazir ABŞ ilə danışıqlar məsələsində Qətər və Pakistanın vasitəçilik təşəbbüslərinin davam etdiyini bildirib. O, vasitəçilərin fikir və təkliflərini adi qaydada tərəflərə çatdırdığını qeyd edərək, yeni imkanlar yarada biləcək ideyaları nəzərdən keçirdiklərini, lakin Hörmüz boğazının açılması ilə bağlı tələblərinin yerinə yetirilməsində israrlı olduqlarını vurğulayıb.
Tehranın Vaşinqtona çatdırdığı tələblər arasında dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazından ticarət və neft gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracına tətbiq olunan məhdudiyyətlərdən azad olunma, dondurulmuş aktivlərin sərbəst buraxılması, nüvə materiallarının ölkə daxilində saxlanılması və müharibənin başa çatdırılması yer alır.
