İtaliya parlamenti məktəblərdə üzü örtən geyimləri qadağan edib



İtaliya parlamentinin Deputatlar Palatası siniflərdə əcnəbi şagirdlərin sayını 30 faizlə məhdudlaşdıran və üzü örtən geyimdə məktəbə gəlməyi qadağan edən təhsil haqqında dekretə yekun təsdiq verib.

AFN.az xəbər verir ki, “ANSA” agentliyinin məlumatına görə, sənədin lehinə 142, əleyhinə 112 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.

Hökumət dekretin qəbulunu etimad səsverməsi ilə əlaqələndirib. Səsvermə zamanı müxalifət deputatları etiraz şüarları yazılmış plakatlar qaldırıblar.

Hakim “İtaliya Qardaşları” partiyasının parlament fraksiyası rəhbərinin müavini Auqusta Montaruli bildirib ki, əcnəbi şagirdlərin sayına qoyulan məhdudiyyət siniflərdə ayrı-seçkiliyin qarşısını almağa yönəlib. Onun sözlərinə görə, dekret italyan dilinin tədrisinin gücləndirilməsini də nəzərdə tutur.

Təhsil naziri Cüzeppe Valditara isə yeni tədbirlərin italyan dilini bilmək və ümumi qaydalara riayət etmək əsasında şagirdlərin cəmiyyətə inteqrasiyasına kömək edəcəyini bildirib.

Dekret, həmçinin əlilliyi olan şagirdlərin müdafiəsinin gücləndirilməsini, dərsliklər üçün əlavə maliyyə ayrılmasını, məktəblərdə bullinq və kiberbullinqlə mübarizənin dəstəklənməsini nəzərdə tutur.

Müxalifətdəki Demokrat Partiyasının lideri Elli Şlyayn sənədi “dəhşətli” adlandıraraq hökuməti məktəb binalarına və təhsil işçilərinə daha çox investisiya yatırmağa çağırıb.

Partiyanın nümayəndəsi İrena Mantsi isə əcnəbi şagirdlərin sayına qoyulan məhdudiyyətin uşaqların mənşəyinə görə ayrılmasına səbəb olacağını bildirib. Onun fikrincə, sinifdə əcnəbi şagirdlərin payı müəyyən edilmiş həddi keçərsə, bəzi uşaqlar məktəblərini dəyişmək məcburiyyətində qala bilərlər.

Yeni qərara əsasən, rəqəmsal dərsliklərin qiyməti çap versiyalarının dəyərinin yarısı səviyyəsində müəyyən ediləcək. İtaliya Nəşriyyatçılar Assosiasiyası isə bu qaydaya qarşı çıxıb. Assosiasiya hesab edir ki, dəyişiklik ailələrə ciddi maliyyə qənaəti qazandırmayacaq və nəşriyyat sektorunda iş yerlərini təhlükə altına sala bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu