Britaniya sualtı donanmasının saxlanmasına milyardlarla dollar xərcləyəcək


Britaniya hökuməti ölkənin sualtı qayıqlarına texniki xidmətin təkmilləşdirilməsi üçün müdafiə sənayesi şirkəti "Babcock"a 8,7 milyard funt sterlinq (11,4 milyard dollar) ayırıb.

AFN.az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, bu, şirkətin indiyədək aldığı ən böyük müqavilədir.

Britaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, investisiyanın əsas məqsədi sualtı qayıqların texniki xidmətini sürətləndirmək, onların daha qısa müddətdə yenidən dənizə qayıtmasını təmin etmək və ölkənin nüvə çəkindirmə potensialını gücləndirməkdir.

Müdafiə naziri Uez Stritinq bildirib ki, hökumət nüvə potensialının inkişafına investisiyaların təxirə salındığı əvvəlki səhvləri təkrarlamaq niyyətində deyil. O vurğulayıb ki, zərurət yaranarsa, digər qurumlara ayrılmış vəsaitlər yenidən bölüşdürüləcək, nüvə çəkindirmə potensialının qorunması və ölkənin hərbi hazırlığı prioritet olacaq.

"Financial Times" şirkətin açıqlamasına istinadən yazır ki, beşillik müqavilə çərçivəsində təxminən 3 min yeni iş yeri, həmçinin təcrübə keçənlər və universitet məzunları üçün 2,5 minə yaxın imkan yaradılacaq. Müqavilə xəbərindən sonra Babcock-un London Fond Birjasında səhmləri 6,99 faiz bahalaşıb.

Hazırda Britaniya Hərbi Dəniz Qüvvələrinin arsenalında “Vanguard” sinfinə aid dörd atom sualtı qayığı – HMS Vanguard, HMS Vengeance, HMS Victorious və HMS Vigilant var. 1990-cı illərdə inşa edilən bu sualtı qayıqlar “Trident II (D5)” ballistik raketləri ilə təchiz olunub.

Krallığın 2021-ci ildə dərc edilmiş təhlükəsizlik, müdafiə və xarici siyasət üzrə kompleks icmalına əsasən, 2030-cu illərin əvvəllərindən etibarən “Vanguard” sinfinə aid sualtı qayıqların “Dreadnought” sinfi ilə əvəzlənməsi nəzərdə tutulur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu