Polşa İsveçdən "A-26" sualtı qayıqlar tədarük edəcək
Polşanın İsveçdən "Blekinge" sinfinə aid üç ədəd "A-26" sualtı qayığı alması barədə böyük hərbi müqavilə iyunun 29-da Qdınya şəhərində imzalanacaq.
AFN.az "Money.pl" internet portalına istinadən xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış rəsmi məlumat verib.
Polşalı nazirin mediaya verdiyi açıqlamada deyilir: "İyunun 29-da Qdınyada təkcə hökumətlərarası deyil, həm də müəssisələr, şirkətlər arasında üç sualtı qayığın tədarükünə dair saziş və müqavilə imzalayacağıq". Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Varşava ilk İsveç sualtı qayığını 2030-cu ilə qədər təhvil almağı planlaşdırır.
Kosinyak-Kamışın sözlərinə görə, artıq 2027-ci ildə Polşa Hərbi Dəniz Qüvvələri İsveçdən "A-17" tipli sualtı qayıq əldə edəcək. Polşalı hərbi heyətlər məhz bu gəmidə yeni nəsil "A-26" sualtı qayıqlarının idarə olunması üçün xüsusi təlim keçəcəklər.
Qeyd edək ki, hazırda Polşa Hərbi Dəniz Qüvvələrinin arsenalı olduqca zəifdir və donanmada cəmi bir sualtı qayıq — 1985-ci ildə SSRİ-də inşa edilmiş köhnə "Orzeł" ("Qartal") sualtı gəmisi mövcuddur.




