Finlandiya Rusiya ilə sərhədin bağlı qalması müddətini uzadır
Finlandiya Rusiya ilə sərhəddə miqrasiyanın təzyiq vasitəsi kimi istifadəsinə qarşı xüsusi qanunun qüvvədə olma müddətini daha iki il – 2028-ci il dekabrın 31-dək uzadacaq.
AFN.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hökumətin müvafiq təklifini ölkə prezidenti noyabrın 27-də təsdiqləməlidir. Qanun dekabrın 1-dən qüvvəyə minəcək.
Sənəd miqrasiyadan Finlandiyaya təzyiq vasitəsi kimi istifadə edildiyi hallarda hakimiyyət orqanlarına dövlət sərhədinin ayrı-ayrı hissələrində və sərhədə yaxın ərazilərdə beynəlxalq müdafiə üçün müraciətlərin qəbulunu məhdudlaşdırmaq imkanı verir. Bu tədbir yalnız hökumətin ayrıca qərarı ilə və ölkənin suverenliyi və milli təhlükəsizliyini qorumaq üçün digər vasitələrin kifayət etmədiyi hallarda tətbiq oluna bilər.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, sərhəd təhlükəsizliyi haqqında qanun miqrasiyanın təzyiq aləti kimi istifadə edildiyi vəziyyətlərdə sərhəd xidmətinin effektiv fəaliyyət göstərməsinə imkan yaradır.
Qanunun məzmununda heç bir dəyişiklik edilməyəcək. Finlandiya hakimiyyəti hesab edir ki, ölkənin şərq sərhədində miqrasiyadan təzyiq vasitəsi kimi istifadə olunması təhlükəsi hələ də yüksəkdir. Bu qiymətləndirmə sərhəd xidmətinin və digər təhlükəsizlik qurumlarının məlumatlarına əsaslanır.
Qeyd edək ki, Finlandiya ilə Rusiya arasındakı quru sərhədindəki keçid məntəqələri 2023-cü il dekabrın 15-dən bağlıdır. Finlandiya hakimiyyəti mövcud vəziyyətin şərq sərhədinin açılmasına imkan vermədiyini bildirir.



