Finlandiya-ABŞ müdafiə sazişi sentyabrın 1-dən qüvvəyə minəcək
Finlandiya prezidenti Alexander Stubb Finlandiya ilə Amerika Birləşmiş Ştatları arasında sentyabrın 1-dən qüvvəyə minəcək Müdafiə Əməkdaşlığı Sazişini (DCA) təsdiqləyib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Stubb sazişin qəbulu və qüvvəyə minməsi aktını, habelə bəzi milli qanunlara müvafiq düzəlişləri təsdiqləyib" - deyə məlumatda bildirilir.
Helsinki və Vaşinqton sazişi 2023-cü il dekabrın 18-də imzalayıblar. Finlandiya parlamenti iyulun 1-də müqaviləni təsdiqləyib. Müqaviləyə əsasən, Finlandiya özünün 15 hərbi obyektini Amerika hərbçilərinin mümkün istifadəsi üçün açır. Həmçinin Amerika hərbi texnikası Finlandiyaya göndərilə bilər. Müqavilə ABŞ-ın Finlandiyada daimi hərbi mövcudluğu üçün zəmin yaradır.