Abbas Əraqçi: Bəzi ölkələr danışıqları pozaraq ABŞ-ni müharibəyə çəkmək istəyir



İranın xarici işlər naziri Abbas Əraqçi bəzi ölkələrin danışıqları pozaraq ABŞ-ni müharibəyə çəkmək istədiyini ifadə edərək, diplomatiyaya daha bir şans verməyə çalışdıqlarını, lakin yalnız Vaşinqtonun ciddi olduğunu gördükləri təqdirdə danışıqlara başlayacaqlarını bildirib.

AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Əraqçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri Toplantısının ikinci günündə təşkil etdiyi mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Ölkəsinin heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını növbəti dəfə təkrarlayan Əraqçi daha əvvəl dəfələrlə atom bombası istəmədiklərini bəyan etdiklərini və dinc məqsədli nüvə planına sahib olduqlarını deyib.

Hörmüz boğazındakı son vəziyyətə də toxunan Əraqçi bu su yolunun açıq olduğunu və təcavüzkar ölkələrdən başqa bütün gəmilərin onlarla koordinasiya yaratmaq şərtilə buradan keçə biləcəyini qeyd edib.

Boğazdan təhlükəsiz keçidin onlar üçün önəmli olduğunu və buna kömək edəcəklərini bildirən nazir ABŞ-nin tətbiq etdiyi dəniz blokadası ilə bağlı da narahatlıq keçirdiklərini ifadə edib.

Əraqçi Hörmüz boğazının İran və Omanın ərazi sularında yerləşdiyini, boğazın idarəçiliyini Omanla birgə həyata keçirəcəklərini və bu barədə Məsqət rəhbərliyi ilə məsləhətləşmələr apardıqlarını diqqətə çatdırıb.

ABŞ ilə müvəqqəti atəşkəs və danışıqlar barədə də danışan iranlı nazir hazırda atəşkəs rejimində olduqlarını, lakin vəziyyətin kövrəkliyini qoruduğunu vurğulayıb.

O, yenə də diplomatiyaya bir daha şans verməyə çalışdıqlarını söyləyərək, qarşı tərəf ciddi və doğru yolda olduqda danışıqlara başlayacaqlarını, Amerikaya isə etimadlarının olmadığını qeyd edib.

Ad çəkmədən bəzi ölkələri ABŞ ilə danışıqları pozmaqda və Vaşinqtonu müharibəyə sürükləməkdə ittiham edən nazir bu cəhdlərə baxmayaraq dialoq yolu ilə həllin tapılacağına ümid etdiklərini bildirib.

Əraqçi ABŞ-dən ziddiyyətli mesajlar aldıqlarını, bəzən bir gün ərzində iki fərqli mesajla qarşılaşdıqlarını da sözlərinə əlavə edib.

ABŞ ilə diplomatiya prosesində Pakistanın rolunun davam etdiyini vurğulayan Əraqçi vasitəçiliyin çətin olsa da davam etdiyini və İranın ədalətli razılaşmaya hazır olduğunu qeyd edib.

O, Donald Trampın İranın təklifini rədd etdiyini açıqlamasından sonra belə Vaşinqtondan danışıqların davamı ilə bağlı mesajlar aldıqlarını bildirib.

Danışıqlarda zənginləşdirilmiş uran məsələsinin gündəmə gəlmədiyini deyən Əraqçi bu mövzunun mürəkkəb olduğunu və daha sonra müzakirə edilməli olduğunu vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu