İrandan ABŞ-nin hücum təhdidlərinə cavab: Bizimlə savaşdılar, nəticəni gördülər
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hücum təhdidləri ilə bağlı danışarkən "40 gün ərzində bizimlə savaşdılar və nəticəni gördülər. İrana hörmətlə yanaşanlar eyni dildə qarşılıq alacaqlar" deyib.
AFN.az xəbər verir ki, Əraqçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri Toplantısından sonra İran mətbuatına bəyanatlarla çıxış edib.
ABŞ Prezidenti Donald Trampın müharibəni yenidən başlatmaq barədə təhdidləri ilə bağlı suala cavab verən Əraqçi bu təhdidlərə alışdıqlarını, onların uzun müddətdir müxtəlif forma və üsullarla təhdidlərini təkrarladıqlarını, lakin özlərinin də bu təhdidlərdən və ya başlatdıqları müharibədən heç bir nəticə ala bilməyəcəklərini bildiklərini ifadə edib.
Məsələnin hərbi yollarla həllinin mümkün olmadığını söyləyən Əraqçi qeyd edib ki, 40 gün ərzində onlarla savaşıblar və nəticəni görüblər, İrana qarşı hörmətlə danışanlar eyni dildə də cavab alacaqlar.
Nazir onların bu ritorikanı kənara qoyub məntiqə yönələcəklərinə ümid etdiyini, hərçənd buna çox inanmasa da, problemlərin həllini hərbi sahədən kənarda axtarmalı olduqlarını anlamalı olduqlarını, çünki bu yolla heç bir nəticə əldə edə bilməyəcəklərini vurğulayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)nin ABŞ-İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı təcavüzkar tərəflərə öz torpaqlarını və hava məkanını istifadə etməyə icazə verdiyini və bu barədə qəti sübutlara sahib olduqlarını qeyd edən Əraqçi, BƏƏ-nin bu müharibədə ABŞ-nin yanında olduğunu, buna görə də zərərçəkmiş rolu oynayaraq torpaqlarına hücum edildiyini iddia edə bilməyəcəyini bildirib.
O, İranın yalnız Əmirliklər ərazisindəki Amerika hədəflərinə zərbələr endirdiyini və bu mövzunu BRICS toplantısında da dilə gətirdiyini qeyd edib.
İranlı nazir BƏƏ ilə qonşu olduqlarını, keçmişdə birlikdə yaşadıqlarını və gələcəkdə də birlikdə yaşamalı olduqlarını xatırladaraq, bu səbəbdən baxış bucağını dəyişməli olduqlarını və təhlükəsizliyi xarici ölkələrdə deyil, bir-birləri ilə əməkdaşlıqda görməli olduqlarını diqqətə çatdırıb.
