İran: ABŞ bazasına hücum Qətərə qarşı addım deyil

İranın xarici işlər naziri Abbas Əraqçi Qətər baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra bölgədə yaranan son vəziyyəti müzakirə edib.
İran Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya əsasən, Əraqçi qətərli həmkarı Al Sani ilə telefon danışığı aparıb.
Görüşdə Əraqçi iki ölkə arasındakı münasibətlərin dostcasına və güclü olduğunu bildirərək, İranın bu əlaqələri yaxşı qonşuluq və qarşılıqlı maraqlar əsasında davam etdirmək və möhkəmləndirməkdə qərarlı olduğunu vurğulayıb.
Əraqçi İranın Əl-Udeyddəki ABŞ hərbi bazasına qarşı həyata keçirdiyi əməliyyatın 22 iyun tarixində ABŞ tərəfindən İranın ərazi bütövlüyünə və milli suverenliyinə qarşı edilən hərbi hücuma cavab olaraq, legitim müdafiə haqqı çərçivəsində reallaşdırıldığını deyib və bu addımın dost və qardaş Qətər hökumətinə qarşı yönəlmiş bir hərəkət kimi dəyərləndirilməməli olduğunu xüsusi qeyd edib.
O, ABŞ və İsrailin İrana qarşı hücumlarına toxunaraq, ölkəsinin bölgə ölkələri ilə məsləhətləşmələr apararaq, İranla digər bölgə dövlətləri arasındakı dost münasibətlərin bu təxribatlardan zərər görməsinə imkan verməyəcəyini bildirib.
Əraqçi Qətər hökumətinin yüksək səviyyəli rəsmilərinin ABŞ və İsrailin hücumlarını qınayan mövqeyini alqışlayıb və Qətərin bölgədə gərginliyin artmasının qarşısını almaq istiqamətindəki konstruktiv səylərini təqdir edib.
Qətər baş naziri və xarici işlər naziri Əl Sani isə ölkəsinin regional təhlükəsizlik və sabitliyin qorunmasında konstruktiv rol oynamaq əzmində olduğunu vurğulayıb.