İran Körfəz ölkələrindəki otellərə "ABŞ əsgərlərinə yer verməyin" çağırışı edib
İranın Xarici İşlər Naziri Abbas Əraqçi Körfəz ölkələrindəki ABŞ əsgərlərinin bazalarını tərk edərək otellərə sığındığını bildirib və bu otellərin müştərilərini təhlükəyə atacaq addımlardan çəkinməli olduqlarını ifadə edib.
AFN.az xəbər verir ki, Əraqçi "X" sosial media platformasındakı hesabından mövzu ilə bağlı açıqlama verib.
İranın Xarici İşlər Naziri bu müharibənin başlanğıcından bəri ABŞ əsgərlərinin Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdəki hərbi bazalardan qaçaraq otellərə və ofislərə sığındığını, həmin əsgərlərin bu ölkələrin vətəndaşlarından canlı qalxan kimi istifadə etdiyini qeyd edib.
ABŞ-dakı otellərin müştəriləri təhlükəyə ata biləcək rəsmi şəxslər üçün rezervasiya etməkdən imtina etdiklərini vurğulayan Əraqçi, Körfəz ölkələrindəki otellərin də eyni şəkildə davranmalı olduğunu qeyd edib.



