Avropa Rus qazından imtina edərkən ABŞ-dən asılılıq təhlükəsi ilə üzləşir



Rusiya enerji idxalını dayandırmağa hazırlaşan Avropa İttifaqında (Aİ) ABŞ-nin mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündəki payının 2027-ci ildə 75 faizə çata biləcəyi proqnozlaşdırılır. 

AFN.az xəbər verir ki, bu vəziyyət İttifaqın yenidən yalnız bir tədarükçüdən asılı vəziyyətə düşə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Rusiya-Ukrayna müharibəsindən sonra Aİ enerji sahəsində Rusiyadan asılılığına son qoymaq və enerji təchizatının təhlükəsizliyini gücləndirmək məqsədilə üzv ölkələrin alternativ tədarük mənbələrinə yönəlməsinə imkan verən mərhələli keçid prosesi müəyyənləşdirib.

Bu çərçivədə Aİ Şurası yanvarın 26-da Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qaydanı qəbul edib. Qısamüddətli müqavilələr əsasında Rusiyadan LNG idxalına qadağa aprelin 25-də qüvvəyə minib. Aİ-nin Rusiya ilə mövcud uzunmüddətli LNG tədarük müqavilələrini əhatə edən qadağası isə 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Boru kəmərləri ilə qaz idxalında qısamüddətli müqavilələr üzrə qadağa iyunun 17-də başlayıb, uzunmüddətli müqavilələr üçün isə bu tarix 2027-ci il sentyabrın 30-u olaraq müəyyənləşdirilib. Gələn ilin qış mövsümü üçün nəzərdə tutulan təbii qaz anbarlarının doldurulması hədəflərinə çatılmadığı təqdirdə bu tarix 2027-ci il noyabrın 1-dək təxirə salına bilər.

Qadağanın qüvvəyə minməsinə aylar qalmış ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsində qışdan əvvəl enerji sahəsində atəşkəsə nail olmaq məqsədilə aparılan danışıqlar çərçivəsində Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya yenidən nəqlini təklif etdiyi iddia olunub.

Wall Street Journal qəzetinin ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən noyabrın 2-də dərc etdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff sentyabrda Moskva və Kiyevə səfərləri zamanı Rusiya qazının ABŞ şirkətinin vasitəçiliyi ilə Avropaya satılması ideyasını gündəmə gətiriblər.

İrəli sürülən plana əsasən, sanksiyalardan yan keçməklə Rusiya təbii qazının yenidən Avropa bazarına daxil olması təmin edilə və ABŞ investorları üçün gəlirli imkan yarana bilər. Lakin beynəlxalq mətbuatda yayılan məlumatlara görə, Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Vaşinqtonla Moskva arasında əldə ediləcək heç bir razılaşmanın Aİ qanunvericiliyindən üstün ola bilməyəcəyini açıqlayıb. Yorgensen müharibənin başa çatmasından və ABŞ-nin vasitəçiliyi ilə Moskva ilə aparılan sülh danışıqlarından asılı olmayaraq, İttifaqın Rusiyadan enerji idxalını bərpa etməyəcəyini və Rusiya enerjisindən mərhələli imtina siyasətini davam etdirəcəyini bildirib.

Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun Avropa üzrə baş enerji analitiki Ana Mariya Jaller-Makareviç Anadolu Agentliyinin müxbirinə açıqlamasında Rusiya qazının əvəzlənməsinin xüsusilə xərclər və tədarük mənbələrinin şaxələndirilməsi baxımından yeni çətinliklər yarada biləcəyini deyib.

Jaller-Makareviç Aİ-nin Rusiyadan LNG idxalının bu il ümumilikdə 22 milyard kubmetrə çata biləcəyini bildirib. O, İttifaqın Rusiyadan LNG idxalının yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artdığına diqqət çəkib.

Analitikin sözlərinə görə, Aİ ötən il Rusiyadan 20,4 milyard kubmetr LNG idxal edib. Bu idxalda 41,6 faizlik payla Fransa ilk sırada qərarlaşıb. Onu 28 faizlə Belçika, 18,8 faizlə İspaniya, 9,8 faizlə Niderland, 1,5 faizlə Portuqaliya və 0,5 faizlə İtaliya izləyib.

Aİ-nin Rusiya qazı idxalını dayandırmağa hazırlaşdığı dövrdə ABŞ-nin İttifaqın LNG tədarükündəki payının getdikcə artdığını vurğulayan Jaller-Makareviç bildirib ki, ABŞ-nin Aİ-nin LNG idxalındakı payı 2025-ci ildə 57 faiz olduğu halda, 2026-cı ilin indiyədək olan dövründə 62 faizə yüksəlib. Son aylarda bu göstərici daha da artıb. Avqust-oktyabr dövründə Aİ-nin LNG idxalının təxminən 70 faizi ABŞ-dən təmin edilib, Rusiya isə ikinci ən böyük tədarükçü olub.

Onun sözlərinə görə, ABŞ 2027-ci ildə Rusiyadan gələn LNG həcminin hamısını əvəz edərsə, Aİ-nin LNG idxalının təxminən 75 faizi ABŞ-nin payına düşə bilər. Qətərdən LNG tədarükündəki fasilələr də davam edərsə, bu göstərici daha yüksək səviyyəyə qalxa və Aİ-nin tək bir tədarükçüdən asılılığını daha da dərinləşdirə bilər.

Avropanın Rusiya LNG-sini əvəz edə biləcəyini, lakin münasib qiymətə alternativ tədarük mənbələri tapmağın əsas çətinlik olacağını vurğulayan Jaller-Makareviç Qətərdən tədarükdəki fasilələr davam edəcəyi təqdirdə qarşıdakı dövrdə çevik LNG yükləri uğrunda Asiya alıcıları ilə rəqabətin daha da güclənə biləcəyini bildirib.

Jaller-Makareviç Avropanın daha yüksək qiymət təklif etməklə bu yükləri özünə cəlb edə biləcəyini qeyd edərək bunun ev təsərrüfatları və sənaye üçün xərcləri artıracağını vurğulayıb. O bildirib ki, Rusiyadan gələn qaz həcmlərinin əsasən ABŞ LNG-si ilə əvəzlənməsi Aİ-nin tədarük mənbələrini həqiqətən şaxələndirmək əvəzinə, onu bir tədarükçüdən daha da asılı vəziyyətə sala bilər. Enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə və bərpaolunan enerji mənbələrindən istifadə yolu ilə təbii qaza tələbatın azaldılması isə həm əvəzlənməli olan qaz həcmini, həm də Avropanın qlobal bazarlardakı qiymət dəyişkənliyinə məruz qalmasını məhdudlaşdıra bilər.

Rusiyanın LNG-sini satmaq üçün yeni bazarlar axtardığına diqqət çəkən Jaller-Makareviç Rusiyanın ən böyük özəl təbii qaz şirkəti Novatek-in 2027-ci ildən etibarən Avropaya tədarükünü Çinə və digər alıcılara yönəltməyi planlaşdırdığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu