ABŞ-da qar fırtınası: 5 mindən çox uçuş ləğv edildi



ABŞ-ın Şərq Sahilini vuran şiddətli qar fırtınası həyatı iflic edib.

Bazar ertəsi günü təsirini göstərən fırtına bölgədə rekord səviyyədə qar yağışı ilə nəticələnib. AFN.az-ın məlumatına görə, 5 mindən çox uçuş ləğv edilib və milyonlarla insan təbii fəlakətdən mənfi təsirlənib.

Milli Hava Proqnozları Xidməti Rod-Aylend və Massaçusetsin bəzi bölgələrində qar qalınlığının 94 santimetrə çatdığını açıqlayıb. Nyu-Yorkdakı Mərkəzi Parkda isə 48 santimetrdən çox qar qeydə alınıb. Rod-Aylend ştatının paytaxtı Providens 91 santimetrlik qar yağışı ilə 1978-ci ildən bəri ən yüksək yağıntı rekordunu qırıb.

Fırtına səbəbindən Nyu-York, Nyu-Cersi və Massaçusets başda olmaqla Şərq Sahili boyu 600 mindən çox ev və iş yerində elektrik kəsintisi yaranıb. Nəqliyyat və enerji xətlərində ciddi axsamalar müşahidə olunur. Massaçusets qubernatoru Maura Hili ştatın cənub-şərqində zəruri olmayan bütün səfərlərə qadağa qoyub.

Hava nəqliyyatı fırtınadan ən çox zərər görən sektor olub. "FlightAware" məlumatlarına görə, ABŞ-la bağlı 5 min 706 uçuş ləğv edilib. Nyu-Yorkdakı LaQuardia hava limanında uçuşların 98 faizi, JFK hava limanında 91 faizi, Boston Loqan Beynəlxalq hava limanında isə 92 faizi baş tutmayıb. Əlverişsiz hava şəraiti səbəbindən təmizləmə işlərinin davam etdiyi bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu