Sahara səhrasında 4,1 milyard illik Mars meteoriti tapılıb
Mali ərazisindəki Sahara səhrasında tapılan 4,1 milyard illik Mars meteoriti Qırmızı planetin ilkin dövrlərində su ilə qarşılıqlı təmasda olduğuna dair mühüm sübutlar ortaya qoyub.
AFN.az xəbər verir ki, Malinin Sahara səhrasında tapılan meteorit Marsın milyardlarla il əvvəlki keçmişinə işıq salıb.
Teghaza 001 adlandırılan meteoritin ən azı 4,1 milyard yaşında olduğu müəyyən edilib. NASA tədqiqatçılarının da iştirak etdiyi elmi qrup meteoritin tərkibindəki mineral və kimyəvi izlərin Marsın ilkin dövrlərində qabığında suyun mövcudluğuna və süxurların su ilə qarşılıqlı təsirinə işarə etdiyini açıqlayıb.
2022-ci ildə aşkar edilən və ümumi çəkisi 798,5 qram olan səkkiz parçadan ibarət meteoritin Marsa çırpılan bir göy cisminin təsiri nəticəsində kosmosa səpələndiyi ehtimal olunur.
Tədqiqatçılar meteoritin mineral və kimyəvi xüsusiyyətlərini Marsdan əldə edilən məlumatlarla müqayisə edərək, daşın planetin cənub yüksəkliklərində yerləşən 13 fərqli nöqtədən birindən gəlmiş ola biləcəyini müəyyən ediblər.
Alimlər hesab edirlər ki, bu kəşf Marsın niyə quraqlaşdığını və Yer kürəsinin suyu necə qoruyub saxlaya bildiyini anlamağa da töhfə verə bilər.
