NASA-dan Marsda alimləri təəccübləndirən kəşf
NASA-nın “Perseverance” aparatı Marsda yaqut və sapfir əmələ gətirən minerallar aşkar edib.
AFN.az xəbər verir ki, NASA-nın “Perseverance” aparatı Marsdakı Jezero kraterində apardığı araşdırmalar zamanı gözlənilməz kəşfə imza atıb. Aparatın üzərindəki lazer sistemləri ilə açıq rəngli qayalar üzərində aparılan analizlər zamanı Yer kürəsində qiymətli daşlar arasında yer alan yaqut və sapfirin xammalı olan korund mineralı müəyyən edilib.
Marsda ilk dəfə rast gəlinən bu mineral xromla birləşən strukturu ilə yaquta xas qırmızımtıl və çəhrayı çalarları əmələ gətirən izlər daşıyır.
Korund mineralı adətən alüminiumla zəngin, silisium baxımından isə kasıb mühitlərdə əmələ gəlir. Yer kürəsində yüksək temperatur və tektonik hərəkətlər nəticəsində meydana çıxan bu strukturun Mars şəraitində necə formalaşdığı alimlər arasında maraq doğurub.
Araşdırmaların diqqət mərkəzində olan “Hampden River”, “Coffee Cove” və “Smiths Harbour” adlı üç ayrı qaya nümunəsinin kraterin müxtəlif nöqtələrində yerləşən və ana qayadan qoparaq daşınmış parçalar olduğu bildirilib.
Los Alamos Milli Laboratoriyasından geokimyaçı Ann Ollilanın rəhbərlik etdiyi tədqiqat qrupu mineralın yaranması ilə bağlı önə çıxan nəzəriyyəni açıqlayıb. Tədqiqatçıların fikrincə, korund milyardlarla il əvvəl Jezero kraterini meydana gətirən nəhəng meteorit toqquşmasının yaratdığı həddindən artıq yüksək temperatur və təzyiq altında formalaşıb.
Toqquşmanın təsiri ilə yaranan hidrotermal mayelərin qayalarla qarşılıqlı əlaqəyə girərək alüminium nisbətini artırdığı və korundun əmələ gəlməsi üçün əlverişli kimyəvi mühit yaratdığı qiymətləndirilir.
Kəşfin ətraflı analizləri “Geophysical Research Letters” jurnalında dərc olunub.
