Çin Ayda su tərkibli meteorit kəşf etdi


Çinin "Chang’e-6" kosmik missiyası ilə Ayın qaranlıq hissəsindən gətirilən toz nümunələri elm dünyasını təəccübləndirən mikroskopik bir xəzinə ortaya çıxarıb. Aparılan araşdırmalarda indiyədək Yer üzündə çox nadir rast gəlinən su tərkibli meteorit növünə aid hissəciklər aşkar edilib.

Çin Elmlər Akademiyasından geokimyəvi tədqiqatçılar Cintuan Vanq və Jiming Çenin rəhbərlik etdiyi komanda "Chang’e-6" kosmik aparatının gətirdiyi 5 mindən çox toz hissəciyini araşdıraraq bu nəticəyə gəlib.

Analizlərdə Ivuna tipli karbonlu kondrit (CI chondrite) olaraq bilinən su baxımından zəngin meteoritlərin mikroskopik qalıqları müəyyən olunub. Bu, Ayda bu tip materialın ilk dəfə təsdiqlənməsi deməkdir.

CI kondritləri təxminən 20%-i su ilə birləşmiş minerallardan ibarət olduqları üçün çox məsaməli və yumşaqdır. Buna görə də Yer atmosferinə daxil olarkən asanlıqla parçalanırlar. Yer üzündə tapılan meteoritlərin yalnız 1%-dən azı bu tipə aiddir.

Ayda atmosfer olmamasına baxmayaraq, yüksək sürətlə toqquşmalar səbəbindən bu meteoritlərin adətən buxarlanaraq yox olacağı gözlənilirdi. Lakin "Chang’e-6" nümunələrində bu tip hissəciklərin mikroskopik səviyyədə qorunduğu aşkar edilib.

"Chang’e-6" nümunələri Ayın səthinin təxminən dörddə birini əhatə edən cənub qütbü-aitken bölgəsindəki Apollo krateri daxilindən toplanıb. Bu bölgə erkən Günəş sistemi dövrünə aid toqquşma qalıqlarını qoruma potensialına malikdir.

Tədqiqat komandası araşdırmalı elektron mikroskobu və izotop analizləri vasitəsilə yeddi kiçik hissədə CI kondritlərə xas kimyəvi nisbətləri müəyyən edib. Bu hissəciklərin Ayla toqquşmuş su baxımından zəngin asteroidlərin qalıqları olduğu və milyardlarla ildir dəyişmədən qaldığı nəticəsinə gəlinib.

Bu kəşf su və uçucu maddələrin Yer və Aya necə gəldiyi sualına da işıq tutur. Alimlər uzun müddətdir CI kondritlərin erkən dövrdə planetlərə su daşıya biləcəyini irəli sürürdülər.

Tədqiqatçılara görə, Aydakı bu qalıqlar bu nəzəriyyəni gücləndirir. Analizlər hətta göstərir ki, Aydakı meteorit qalıqlarının təxminən 30%-i CI tipinə aid ola bilər.

Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu