Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir? - ARAŞDIRMA
Təxminən 100 min nəfərin məlumatlarının araşdırıldığı tədqiqat yuxunun müddəti qədər keyfiyyətinin də sağlamlıq baxımından əhəmiyyətli ola biləcəyini ortaya qoyub.
AFN.az xəbər verir ki, daha uzun REM yuxusunun ürək çatışmazlığı, demensiya və Parkinson xəstəliyi də daxil olmaqla 83 xəstəliyin daha aşağı riski ilə əlaqəli olduğu müəyyən edilib.
Çindəki Pekin Universitetinin tədqiqatçıları Böyük Britaniyadakı UK Biobank məlumat bazasında yer alan 95 min 559 nəfərin sağlamlıq məlumatlarını araşdırıblar.
İştirakçıların yuxu rejimi ardıcıl 7 gün ərzində biləklərinə taxdıqları akselerometrlərlə ölçülüb. Tədqiqatçılar ümumi yuxu müddəti ilə yanaşı REM, dərin və yüngül yuxu mərhələlərini, gecə oyaq keçirilən müddəti və gecədən gecəyə dəyişən yuxu rejimini qiymətləndiriblər.
İştirakçılar orta hesabla 9 il ərzində izlənilib. Yuxu məlumatları mindən çox xəstəliklə əlaqəsi baxımından təhlil edilib.
Araşdırmada daha uzun REM yuxusunun ürək çatışmazlığı, demensiya və Parkinson xəstəliyi də daxil olmaqla 83 xəstəliyin daha aşağı riski ilə əlaqəli olduğu müəyyən edilib.
Daha uzun dərin yuxunun isə 2-ci tip diabet və klinik depressiyanın da daxil olduğu 7 xəstəliyin daha aşağı riski ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Bunun əksinə, yuxu rejimindəki nizamsızlıq və yuxuya getdikdən sonra daha uzun müddət oyaq qalmaq narahatlıq və maddə istifadəsi pozuntuları kimi bəzi sağlamlıq problemlərinin daha yüksək riski ilə əlaqələndirilib.
Araşdırmada müntəzəm olaraq 6-8 saat yatan insanların müxtəlif xəstəliklər baxımından ən aşağı risk qrupunda olduğu müəyyən edilib.
5 saatdan az yatanlarda 37 sağlamlıq problemi ilə daha güclü əlaqələr müəyyən edilərkən, 8 saatdan çox yatanlarda da bəzi xəstəliklərlə əlaqəli risk artımı müşahidə olunub.
Tədqiqatçılar xəstəliklərin əksəriyyətində ən aşağı risklə əlaqəli yuxu müddətinin 6-8 saat aralığında cəmləşdiyini bildiriblər.
Alimlər araşdırmanın müşahidə xarakterli olduğunu və yuxu rejiminin xəstəlik riskindəki dəyişikliklərin birbaşa səbəbi olduğunu sübut etmədiyini vurğulayıblar.
Tədqiqatçıların fikrincə, əldə edilən nəticələr xüsusilə orta yaşlı və yaşlı insanlarda 6-8 saatlıq yuxunun sağlamlıq baxımından əhəmiyyətinə dair mövcud sübutlara töhfə verir.


