Mütəxəssislər xəbərdarlıq edir: Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər


ABŞ Yuxu Təbabəti Akademiyasının dərc etdiyi yeni hesabatda tez-tez əsnəmə, gündüz diqqətin yayınma və kofeinə ehtiyacın artması kimi simptomların ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyi müəyyən edilib.



Hesabatda fikirlərinin yer aldığı Yuxu Tibb Akademiyasının prezidenti və Mayo Clinic Yuxu Mütəxəssisi Dr. Erik Olson "Yuxusuzluq cəmiyyətin hər sahəsini əhatə edən ciddi sağlamlıq problemidir. Yuxusuzluq özü ilə yol qəzalarından tutmuş iş yerindəki səhvlərə və xroniki xəstəliklərə qədər bir çox riskləri də gətirir" deyib.

Mütəxəssislər keyfiyyətli və fasiləsiz bir gecə yuxusunun müddətinin ən az 7-8 saat olması lazım olduğuna diqqət çəkirlər.

Bu vaxtdan daha az yatmaq diabet, depressiya, ürək və böyrək xəstəlikləri, yüksək qan təzyiqi, piylənmə və insult kimi xəstəlikləri tətikləyə biləcəyi bildirilir.

ABŞ-da böyüklərin üçdə birinin həddindən artıq yuxululuqdan şikayətləndiyini bildirən Olson, bu problemin erkən diaqnoz və müalicə ilə aradan qaldırılması lazım olduğunu vurğulayıb.

Mütəxəssislər bildirirlər ki, bir çox insanlar gün ərzində əsnəmək və ya görüş zamanı yuxuya getmək kimi halları əhəmiyyətsiz hesab edirlər, lakin bu simptomlar ciddi yuxu çatışmazlığının əlaməti ola bilər.

Şimal-Qərb Universitetinin Yuxu Elmləri Mütəxəssisi Dr. Kristen Knutson "Yaxşı yatan insan nə qədər darıxdırıcı olsa da, iclasda yuxulamayacaq. Əgər belə əlamətlər varsa, mütəxəssisə müraciət edilməlidir", - deyə bildirib.

Yuxu mütəxəssisi Dr. İndira Qurubhaqavatula vurğulayıb ki, qeyri-kafi yuxu insanın öz koqnitiv vəziyyətini düzgün qiymətləndirməsinə mane olur.

"Yuxusuzluq artdıqca beyin bir neçə saniyəlik mikroyuxuya girir. Bu müddət ərzində insan avtomobil idarə edə və ya diqqət tələb edən başqa bir işlə məşğul ola bilər. Bu, son dərəcə təhlükəli bir vəziyyətdir" deyə xəbərdarlıq edib.

Bildirilir ki, ABŞ-da hər il təxminən 100 min yol-nəqliyyat hadisəsi yuxulu sürücülük səbəbindən baş verir.

Yuxululuğu ölçmək üçün istifadə edilən "Epworth Yuxu Ölçəsi" kimi üsullar sayəsində fərdlərin risk vəziyyəti təyin oluna bilir.

Dr. Qurubhaqavatula bildirib ki, bu testdə şəxsdən gündüz yuxululuğunu 0-dan 3-ə qədər qiymətləndirməsi istənilir. O qeyd edib ki, 10-dan yuxarı ballar müdaxilə tələb edən bir vəziyyəti göstərir.

Mütəxəssislərin fikrincə ciddi yuxu çatışmazlığı göz qapaqlarının sallanması, bədənin önə əyilməsi, başgicəllənmə, titrəmə və hətta impulsiv davranış kimi əlamətlərlə özünü göstərə bilər. Yuxu apnesi, narahat ayaq sindromu, sirkadiyalı ritm pozğunluqları və bəzi dərmanlar da yuxululuğa səbəb ola bilər.

Mütəxəssislər həmçinin spirt və yuxuya kömək etdiyi düşünülən bəzi maddələrin əslində yuxunu pozduğuna diqqət çəkirlər.

Doktor Qurubhaqavatula "Alkoqol əvvəlcə yuxuya getməyi asanlaşdıra bilər, ancaq gecənin ortasında oyanmağa səbəb olur. İçkini buraxan xəstələrimdə yuxunun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını müşahidə edirəm" deyib.

Eyni şəkildə həddindən artıq kofein, gec saatlarda ekranlardan istifadə, qeyri-kafi fiziki fəaliyyət, həddindən artıq səs-küylü və ya işıqlı mühitlərdə yatmaq da yuxu rejiminə mənfi təsir edən amillərdəndir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu