Səudiyyə Ərəbistanında ilk THAAD sistemi quraşdırıldı

Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan Regional Yüksəklikdə Hava Hücumundan Müdafiə (THAAD) sistemi quraşdırılıb.
Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, lazım olan test və sınaqlardan, eləcə də ölkə üzrə personal üçün sahə təlimlərindən sonra THAAD sistemi fəaliyyətə başlayıb.
Səudiyyə Ərəbistanında ilk dəfə quraşdırılan THAAD hava hücumundan müdafiə sisteminin istismara verilməsi münasibətilə Ciddə şəhərindəki Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda təntənəli mərasim keçirilib.
Tədbirdə Hava Qüvvələri Komandanı Məzid bin Süleyman əl-Əmr iştirak edib.
Əl-Amr THAAD sistemini idarə edəcək hərbi birliyin komandanına birliyin bayrağını təqdim edib.
Məlumatda qeyd olunur ki, ABŞ istehsalı olan THAAD ballistik raket əleyhinə sistemi Səudiyyə Ərəbistanı ordusunun hazırlıq səviyyəsinin, hava məkanının və həyati əhəmiyyətli obyektlərin müdafiə qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən bir müdafiə layihəsi çərçivəsində quraşdırılıb.
ABŞ Quru Qoşunlarına məxsus ballistik raketlərə qarşı müdafiə sistemi olan THAAD-ın "Lockheed Martin" şirkəti tərəfindən qısa və orta mənzilli təhlükələrə qarşı inkişaf etdirildiyi bildirilir.