Gecə işığı ürək xəstəliyi riskini artıra bilər
Yeni bir araşdırmaya görə, gecə saatlarında süni işığa məruz qalmaq dünyada ən çox ölümə səbəb olan ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər.
JAMA Network Open jurnalında dərc olunan tədqiqatda yataq otağında parlaq işıq altında yatan insanların ürək çatışmazlığı inkişaf etdirmə riskinin %56, koronar arter xəstəliyi riskinin %32, insult riskinin isə %28 daha yüksək olduğu müəyyən edilib.
Araşdırmanın müəlliflərindən Dr. Daniel Vindred bunun indiyə qədər aparılmış ən genişmiqyaslı analiz olduğunu bildirib. Tədqiqat çərçivəsində 2013–2022 illəri arasında 13 milyon saatlıq işıq məlumatı təhlil olunub və İngiltərədə 40–69 yaş arası 89 min nəfər müşahidə edilib.
Sirkadiyen ritm pozulur
Mütəxəssislərin sözlərinə görə, süni işıq melatonin hormonunun ifrazını azaldaraq yuxu dövranını pozur və ürək-damar sisteminə zərər verir.
Penn State Universitetinin Yuxu Araşdırmaları Mərkəzindən Dr. Julio Fernandez-Mendoza bildirib ki, işıq bədən üçün stres amili kimi təsir göstərə, ürək döyüntüsünü, stress hormonlarını, qan şəkərini və insulini artıraraq iltihaba səbəb ola bilər.
Gündüz işığı ürək üçün faydalıdır
Tədqiqat gecə işığının zərərli təsirlərinə baxmayaraq gündüz saatlarında kifayət qədər təbii işığa məruz qalmağın ürək sağlamlığına müsbət təsir göstərdiyini də üzə çıxarıb.
Mütəxəssislərdən tövsiyələr:
• Yatmazdan ən azı 4 saat əvvəl ekran istifadəsini azaldın.
• Artıq işıqları söndürün və ya yumşaq, isti tonlu lampalara üstünlük verin.
• Pəncərədən gələn işığı qaralma pərdələri ilə qarşısını alın.
• Parlaq rəqəmsal saatlardan və tavan lampalarından uzaq durun.
• Lazım gələrsə, yuxu maskasından istifadə edin.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr yalnız əlaqəni göstərir, birbaşa səbəb-nəticə sübutu deyil. Bununla belə, tapıntılar işığın sirkadiyen ritm üzərindəki təsirinin ürək-damar sağlamlığı ilə sıx bağlı olduğunu güclü şəkildə dəstəkləyir.

