Məşq intensivliyinin artırılması ölüm riskini azaldır
Daha uzun yaşamaq istəyirsinizsə, idman zalına növbəti səfərinizdə özünüzü bir az daha çox məcbur etməlisiniz. Yeni bir araşdırma məşq edərkən bədəninizə əlavə yük qoymağın vacibliyini ortaya qoyur.
İsveçrənin Bazel Universiteti və İngiltərənin Leicester Universitetinin yeni araşdırmasına görə, məşq intensivliyinin artırılması məşq müddətindən daha təsirli ola bilər.
Tədqiqat çərçivəsində ABŞ-da 7518 böyükdən üç il ərzində alınan fitness məlumatları araşdırılmış və dörd il ərzində ölüm nisbətləri izlənilmişdir.
Nəticələr göstərib ki, yüksək intensiv fiziki fəaliyyət bütün səbəblərdən vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Bu təsir xüsusilə ürək-damar xəstəlikləri - insult, arteriya xəstəliyi və digər ürək problemləri üçün özünü göstərib.
“Yüksək intensivlik ürək-damar sistemini daha çox stimullaşdırır”, – deyən Bazel Universitetindən idman alimi Fabian Şvendinqer əlavə edib ki, bu cür fəaliyyətlər damarların funksiyalarını və kardiorespirator hazırlığı artırır, ürək və tənəffüs sistemlərinin işini yaxşılaşdırır.
Gündəlik fəaliyyətləri artırmağın yollarına müntəzəm qaçışların sürətini artırmaq və ya lift əvəzinə pilləkənlərdən istifadə etmək daxildir.
Araşdırmalara görə, həftədə əlavə 150 dəqiqə sürətli gəzinti ölüm riskini 28 faizə qədər azalda bilər. Bu, az səylə əldə edilə bilən böyük fayda hesab olunur.
Əvvəlki araşdırmalara uyğun gələn bu tapıntılar, məşq müddətindən çox intensivliyin sağlamlığa daha çox töhfə verə biləcəyini göstərir.
"Tədqiqatımızın ən böyük üstünlüklərindən biri odur ki, o, çox fərqli fiziki hazırlıq və sağlamlıq səviyyələrinə malik insanları əhatə edir. Bu o deməkdir ki, hər kəs intensivliyin ölüm hallarını azalda biləcəyi biliklərindən faydalana bilər", - Şvendinger bildirib.
Tədqiqat həmçinin belə nəticəyə gəlib ki, bir seansda intensiv fiziki fəaliyyət göstərmək, onu gün ərzində yaymaqdan daha faydalıdır. Bununla belə, istənilən intensivlikdə idmanın sağlamlıq üçün faydalı olduğu qeyd edilir.
Həddindən artıq gərgin idmanın xeyirdən çox zərər verə biləcəyi də vurğulanıb: "Bu o demək deyil ki, insanlar yalnız çox intensiv məşq etməklə, özlərini tamamilə yoraraq daha uzun yaşamalıdırlar" deyə Schwendinger xəbərdarlıq edib.
Tədqiqatın nəticələri “European Journal of Preventive Cardiology”də dərc olunub.
Mənbə: Sciencealert