Nvidia dünyanın ilk 5 trilyon dollarlıq şirkəti oldu


Süni intellekt çiplərinə olan rekord səviyyəli tələbat ABŞ texnologiya nəhəngi Nvidia-nı tarixə salıb. Şirkət 5 trilyon dollar bazar dəyərinə çataraq bu səviyyəyə yüksələn dünyanın ilk firması olub.

Əvvəlcə qrafik prosessoru (GPU) istehsalçısı kimi fəaliyyətə başlayan Nvidia süni intellekt inqilabı ilə qısa müddətdə texnologiya sektorunun zirvəsinə qalxıb. 2023-cü ildə ilk dəfə 1 trilyon dollar dəyərinə çatan şirkət cəmi üç ay əvvəl 4 trilyon dollar həddini aşmışdı.

Çərşənbə səhəri səhmlərinin 5,6 faiz artaraq 212 dolları keçməsi, Çin satışlarına dair nikbin gözləntilərlə investor inamını yeniləyib.

Artıq Nvidia-nın bazar dəyəri ABŞ və Çin istisna olmaqla, bütün ölkələrin Ümumi Daxili Məhsulunu (ÜDM) geridə qoyur. Dünya Bankının məlumatına görə, şirkətin dəyəri S&P 500 indeksindəki bir çox sektorların ümumi dəyərindən də yüksəkdir.

MicrosoftApple da yaxın zamanda 4 trilyon dollar həddini aşaraq süni intellekt yönümlü birja yüksəlişinə töhfə veriblər. Bu il ABŞ birjalarındakı qazancın təxminən 80 faizi süni intellekt yatırımlarından qaynaqlanır.

Bununla belə, mərkəzi banklar və beynəlxalq maliyyə qurumları “balon təhlükəsi” barədə xəbərdarlıq edir. İngiltərə Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu (BVF)JPMorgan rəhbəri Ceymi Daymon maliyyə bazarlarındakı qeyri-müəyyənlik səviyyəsinin daha yüksək qiymətləndirilməli olduğunu vurğulayıb.

Maliyyə analitiki Danni Hyuson Nvidia-nın 5 trilyon dollarlıq bazar dəyərini “insan ağlının qavraya bilməyəcəyi qədər böyük bir rəqəm” kimi xarakterizə edib.

Bəzi mütəxəssislər süni intellekt şirkətləri arasında baş verən milyardlarla dollarlıq qarşılıqlı yatırımların maliyyə mühəndisliyinə çevrilə biləcəyi barədə xəbərdarlıq edir. Məsələn, OpenAI ötən ay Nvidia-dan 100 milyard dollarlıq sərmayə almışdı.

Nvidia-nın səhmləri apreldə Prezident Donald Trampın ticarət müharibələrini gücləndirməsi səbəbilə müvəqqəti eniş yaşasa da, yay aylarında Trampın Çinə qarşı çip satış qadağasını ləğv etməsi şirkətin göstəricilərini yenidən gücləndirib. Razılaşmaya əsasən, Nvidia Çin gəlirlərinin 15 faizini ABŞ hökumətinə ödəyir.

Trampın cümə axşamı Çin lideri Si Cinpinqlə keçirəcəyi görüşdə Nvidia-nın “Blackwell” süni intellekt prosessorlarının da gündəmə gələcəyi gözlənilir.

Şirkətin baş direktoru Censen Huan çərşənbə axşamı etdiyi açıqlamada gələn il 500 milyard dollarlıq süni intellekt çipi sifarişi gözlədiklərini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu