Pentaqon Huanqın vəzifəsinə qaytarılması üçün bu qanundan istifadəni müzakirə edib
Pentaqonun "Nvidia" şirkətinin rəhbəri Jensen Huangın vəzifəsinə qaytarılması üçün 1950-ci ildə qəbul edilmiş Müdafiə İstehsalı Qanunundan istifadə imkanını müzakirə etdiyi iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrinə istinadən yazıb.
1950-ci il tarixli Müdafiə İstehsalı Qanunu ABŞ prezidentinə iqtisadiyyata müdaxilə etmək üçün geniş səlahiyyətlər verir. Qanun müharibə və ya milli miqyaslı fövqəladə vəziyyət zamanı ordunun təchizatını təmin etmək məqsədilə özəl şirkətlərin istehsal imkanlarını səfərbər etmək üçün qəbul olunub.
Qəzet xatırladır ki, Donald Trampın ilk prezidentliyi dövründə COVID-19 pandemiyası zamanı “General Motors” şirkətini süni tənəffüs aparatları istehsalına təşviq etmək üçün bu qanundan istifadə edilib.
“The Washington Post”un mənbələrinin məlumatına görə, ABŞ müdafiə rəhbərliyinin, o cümlədən müdafiə naziri Pit Heqset və onun birinci müavini Stiven Faynberqin iştirakı ilə qanunun Jensen Huangın şirkət rəhbərliyinə qaytarılması üçün tətbiqi imkanları müzakirə olunub. Bildirilir ki, Pentaqon "Nvidia"nı ABŞ-ın milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan şirkət hesab edir.
Məqalədə qeyd olunur ki, "Nvidia"nın qurucusu və uzun müddət şirkətə rəhbərlik etmiş Jensen Huang noyabrın ortalarında Çin vətəndaşı ilə ehtimal olunan nikahdankənar münasibətləri barədə yayılan məlumatlardan sonra bütün vəzifələrindən istefa verib. Həmin qadının ABŞ xüsusi xidmət orqanları tərəfindən Çin kəşfiyyatı ilə əlaqələrdə şübhəli bilindiyi iddia edilir.
Huangın gedişindən sonra ABŞ-da bir sıra siyasətçi və iş adamları onun dəstəklənməsi istiqamətində açıq kampaniyaya başlayıblar. Noyabrın 23-də isə "Nvidia"nın direktorlar şurası onun şirkət rəhbəri vəzifəsinə qaytarıldığını açıqlayıb.
