FAO: Dünyada ərzaq idxalına çəkilən xərclər 2,2 trilyon dolları ötəcək


2026-cı ilin yekununda dünyada ərzaq məhsullarının idxalına çəkilən xərclərin əvvəlki illə müqayisədə 1,9 faiz artaraq 2,267 trilyon dollara çatacağı proqnozlaşdırılır.

AFN.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni “FAO Food Outlook” hesabatında bildirilib.

Təşkilatın məlumatına görə, proqnozlaşdırılan artım 2025-ci ildə qeydə alınan təxminən 8 faizlik göstəricidən xeyli aşağıdır. Buna əsas səbəb qəhvə və kakao qiymətlərinin ucuzlaşmasıdır. Bununla belə, taxıl və yağlı bitkilərin idxalına çəkilən xərclərin yenidən artacağı gözlənilir.

FAO-nun proqnozuna əsasən, 2026-cı ildə qəhvə, çay, kakao, ədviyyat və əlaqəli məhsulların idxalı dəyər ifadəsində 11,9 faiz azalacaq. Əvəzində taxıl idxalına çəkilən xərclər 3 faiz, yağlı toxum və meyvələrin idxalı 9,9 faiz, ət məhsullarının idxalı isə 6,9 faiz artacaq.

Hesabatda diqqət çəkən məqamlardan biri də ərzaq idxalına çəkilən xərclərin artımına əsas töhfə verən ölkələrin dəyişməsidir. Əvvəllər bu artımda yüksək gəlirli ölkələr üstünlük təşkil etdiyi halda, indi əsas artım aşağı və orta gəlirli dövlətlərin payına düşür.

Belə ki, yüksək gəlirli ölkələrin ümumi idxal xərclərinin 2026-cı ildə cəmi 0,4 faiz artacağı proqnozlaşdırılır. Aşağı və orta gəlirli ölkələr üzrə bu göstəricinin 4,9 faiz, ən az inkişaf etmiş ölkələrdə isə 3,9 faiz olacağı gözlənilir.

FAO-nun hesabatında qeyd olunan göstəricilər ərzaq idxalı xərclərinin artımının əsasən aşağı və orta gəlirli ölkələrdə cəmləşdiyini göstərir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu