BMT: Dünyada ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb


Dünyada ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

AFN.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilib.

Hesabata görə, dünya ərzaq qiymətləri indeksi sentyabrda orta hesabla 136 bənd təşkil edib. Bu göstərici sonuncu dəfə 2022-ci ilin noyabrında daha yüksək olub. Həmin ilin martında indeks 160,2 bəndlə pik həddə çatıb, sentyabrda 137,3, oktyabrda 136,7, noyabrda isə 136 bənd qeydə alınıb.

2026-cı ilin sentyabrında indeks 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, avqust ayına nisbətən isə 1,5 faiz artıb.

Avqustla müqayisədə şəkərin qiyməti 6,1 faiz, taxılın qiyməti 5,1 faiz, bitki yağlarının qiyməti isə 0,9 faiz yüksəlib. Ət məhsulları 1,1 faiz, süd məhsulları isə 0,1 faiz ucuzlaşıb.

Ərzaq qiymətlərinin artmasının əsas səbəbləri arasında Qara dəniz və Hörmüz boğazı bölgəsində logistika problemləri, eləcə də El-Ninyo təbiət hadisəsinin təsiri ilə Avropa, Şimali Amerika və Cənub-Şərqi Asiyanın kənd təsərrüfatı məhsulları istehsal edən əsas ölkələrində müşahidə olunan qeyri-adi quraqlıq göstərilir.

FAO-nun baş iqtisadçısı Maksimo Torero hesabatın nəticələrini şərh edərkən bildirib ki, xammal məhsullarının dünya qiymətlərində davamlı və getdikcə genişlənən artım müşahidə olunur. Onun sözlərinə görə, bu tendensiya davam edərsə, təzyiq tezliklə istehlakçılar üçün ərzaq qiymətlərinə də təsir göstərəcək. Xüsusilə ərzaq və enerji idxalından asılı olan ölkələr bu təsiri daha çox hiss edə bilər.

Qeyd edək ki, dünya ərzaq qiymətləri indeksi hər ay beş əsas kateqoriyaya daxil olan 23 ərzaq məhsulunun qiyməti əsasında hesablanır. Bu kateqoriyalara taxıl, bitki yağları, ət, süd məhsulları və şəkər daxildir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu