Dünya ərzaq bazarında ətin qiyməti rekord qırdı


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabrda dünya üzrə ət qiymətləri tarixi rekorda çatıb. Digər əsas ərzaq məhsullarında isə eniş müşahidə olunub.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, FAO-nun ərzaq qiymətləri indeksi (FFPI) sentyabrda 128,8 bənd təşkil edib ki, bu da avqustla müqayisədə 0,7% azdır. Taxıl, süd məhsulları, şəkər və bitki yağlarında ucuzlaşma ətin bahalaşmasını üstələyib.

FAO-nun ət qiymətləri indeksi 127,8 bəndə yüksəlib. Bu, avqustla müqayisədə 0,7%, ötən ilin sentyabrı ilə müqayisədə isə 6,6% artım deməkdir və yeni rekorda işarə edir. Artım əsasən ABŞ-da güclü tələbat fonunda mal ətinin məhdud təklifi və qoyun ətinə qlobal maraqla bağlıdır. Donuz və toyuq ətinin qiymətləri isə sabit qalıb.

Süd məhsulları indeksi 148,3 bənd təşkil edib və bir ay ərzində 2,6% azalıb. Yağ, süd tozu və pendirin qiymətləri ucuzlaşıb. Enişə səbəb Şimal yarımkürəsində dondurmaya tələbin azalması və ixrac bazarında güclü rəqabət olub.

Bitki yağları indeksi 167,9 bənd olub, avqustla müqayisədə 0,7% azalsa da, illik müqayisədə 18% artıb. Pambıq və soya yağının ucuzlaşması günəbaxan və raps yağının bahalaşmasını kompensasiya edib.

Şəkər indeksi 99,4 bənd təşkil edib ki, bu da avqustla müqayisədə 4,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 21,3% azdır. Bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir. Səbəb Braziliyada yüksək istehsal və əkin sahələrinin genişlənməsidir.

Taxıl indeksi 105,0 bəndə düşüb – ötən ilin sentyabrından 7,5% aşağıdır. Buğdanın qiyməti zəif beynəlxalq tələbat və Rusiya ilə Şimali Amerikada yüksək məhsuldarlıq səbəbindən enib. Qarğıdalıda da oxşar meyl müşahidə olunub. Arpa və sorqo bahalaşıb, düyü qiymətləri isə əsasən Hindistan düyüsünün ucuzlaşması hesabına 0,5% azalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu