FAO: Mayda dünya ərzaq qiymətləri ucuzlaşıb

May ayında dünya ərzaq qiymətləri indeksinin dəyəri 127,7 bənd təşkil edib ki, bu da aprel səviyyəsindən 0,8% aşağıdır.
AFN.az “Agroexport”a istinadən xəbər verir ki, bu haqda FAO məlumat yayıb. Bildirilir ki, qarğıdalı və palma yağı qiymətlərində nəzərəçarpacaq dərəcədə azalma kərə yağı və mal ətinin tarixən yüksək qiymətlərini üstələyib. Taxıl qiymətləri indeksinin dəyəri ötən ay aprel ayı ilə müqayisədə 1,8%, 2024-cü ilin may ayı ilə müqayisədə isə 8,2% azalıb.
“Ayın sonunda dünya qarğıdalı qiymətlərində kəskin enmə qeydə alınıb ki, bu da məhsul yığımının sürətləndiyi Argentina və Braziliyada aktiv rəqabət və tədarükün mövsümi artımı ilə izah olunur” - deyə FAO-nun hesabatında bildirilir.
Təkcə palma yağı deyil, kolza, soya və günəbaxan yağları üzrə kotirovkaların azalması fonunda bitki yağlarının qiymətləri aprel ayı ilə müqayisədə 3,7% ucuzlaşıb. Şəkər qiymət indeksi 2,6% azalıb, ətin qiymətləri 1,3%, süd məhsullarının qiyməti isə 0,8% artıb.