Yaponiya Qəzzanın bərpasına dəstəyini davam etdirəcək
Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu ölkəsinin Qəzza zolağının yenidən qurulmasına və bölgənin bərpa prosesinə dəstək verməyə davam edəcəyini bildirib.
AFN.az xəbər verir ki, Yaponiya bu istiqamətdə bölgədəki texnokratik idarəçiliklə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Kyodo agentliyinin məlumatına görə, Motegi Tokioda səfərdə olan Qəzza Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və onun rəhbərlik etdiyi heyətlə görüşüb.
Görüş zamanı Mladenov Qəzza üzrə sülh planının həyata keçirilməsi istiqamətində aparılan işlər barədə Motegiyə məlumat verib.
Motegi isə ölkəsinin bölgədəki texnokratik idarəçiliklə əməkdaşlıq çərçivəsində Qəzza zolağının yenidən qurulmasına və ərazinin bərpa prosesinə dəstək verməyə davam edəcəyini bildirib.
Yerli mətbuatın məlumatına görə, Mladenov və onu müşayiət edən nümayəndə heyəti Tokioda yerləşən Sasakava Sülh Fondunun (SPF) ev sahibliyi etdiyi Qəzzanın təcili bərpası mövzusunda tədbirdə iştirak edib.
