ABŞ Venesuela və İraqın OPEC-dən çıxmağını istəyir



Donald Tramp administrasiyası bu ilin əvvəlində Venesuela və İraqı Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmağı nəzərdən keçirməyə təşviq edib, həmçinin Venesuelanın təşkilata illik üzvlük haqqını ödəməsinə mane olub. 

Reuters agentliyinin məsələ ilə tanış olan 10 mənbəyə istinadən yaydığı məlumata görə, bu addımlar OPEC-in beş qurucu üzvündən ikisini hədəf alıb və ABŞ prezidenti Donald Trampın uzun müddətdir neft qiymətlərini süni şəkildə yüksək saxlamaqda ittiham etdiyi təşkilata qarşı qeyri-adi dərəcədə birbaşa təzyiq kimi qiymətləndirilir.

Həmin vaxt ABŞ rəsmiləri hər iki ölkədə neft hasilatının və investisiyaların artırılmasına çalışırdılar. Müzakirələrdən xəbərdar olan mənbələrin sözlərinə görə, bəzi şəxslər OPEC-in hasilat məhdudiyyətlərinin gələcəkdə bu planlara mane ola biləcəyindən narahat idilər.

ABŞ-ın Venesuelaya təzyiqi o həddə çatıb ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bu ilin yayında müdaxilə edərək Tramp administrasiyasını məsələni daha da irəli aparmamağa razı salıb. Məsələ ilə tanış olan iki mənbə bunu Reuters-ə bildirib.

İraqda isə baş nazir Əli Faleh əl-Zeydi bu yay hökumət iclasında OPEC-dən çıxmaq ehtimalını gündəmə gətirib. Məsələ ilə tanış olan iki mənbənin bildirdiyinə görə, bu addım ABŞ rəsmiləri ilə aparılan və onların belə bir qərarı təşviq etdiyi müzakirələrdən sonra atılıb.

Mənbələrin sözlərinə görə, İraqın Neft Nazirliyi bu təşəbbüsə qarşı çıxaraq əl-Zeydini ölkənin təşkilatda qalmasına və bunun əvəzinə daha yüksək hasilat kvotası əldə etməyə çalışmasına razı salıb.

ABŞ-ın hər iki ölkə üzərində ciddi təsir imkanları var. Yanvar ayında Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelanın dövlət vəsaitlərinə çıxışına ABŞ nəzarət edir. İraqın neft gəlirləri isə 2003-cü il İraq müharibəsindən qalma mexanizm çərçivəsində hələ də Nyu-York Federal Ehtiyat Bankındakı hesab vasitəsilə idarə olunur.

ABŞ Dövlət Departamenti Vaşinqtonun Venesuelanın OPEC üzvlük haqqını ödəməsinə mane olub-olmadığı barədə sualları cavablandırmayıb. Bununla belə, qurum Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra yaradılmış və ABŞ-ın nəzarətində olan hesabda saxlanılan dövlət vəsaitlərindən Venesuelanın istifadəsinə qərar vermək səlahiyyətinin Vaşinqtonda olduğunu təsdiqləyib.

Dövlət Departamentinin rəsmisi Reuters-ə bildirib ki, qurum Venesuelanın müvəqqəti hökumətindən vəsaitlərin ayrılması ilə bağlı müraciətlər alır və onları xarici hökumətlərin depozit fondlarının təsdiqlənmiş və qadağan olunmuş istifadə istiqamətləri siyahısına uyğun olaraq nəzərdən keçirir.

Rəsmi şəxsin sözlərinə görə, bu ilin əvvəlində ABŞ-ın aşağı vəzifəli bəzi rəsmilərinin Venesuela hökuməti ilə OPEC-dən çıxmaq məsələsini müzakirə etməsi mümkündür. Lakin bu məsələ yüksək vəzifəli rəsmilərin gündəmə gətirdiyi mövzular arasında olmayıb.

Dövlət Departamentinin İraqla apardığı danışıqlar isə OPEC-ə deyil, hasilatı və enerji daşınmasını artırmaq məqsədilə enerji infrastrukturunun yaxşılaşdırılmasına yönəlib.

OPEC-in, eləcə də Venesuela, İraq və Səudiyyə Ərəbistanı hökumətlərinin nümayəndələri şərh sorğularına cavab verməyiblər.

ABŞ-ın bu addımları 2019-cu ildən bəri artıq dörd üzvünü itirmiş təşkilat üzərində təzyiqi daha da artırır. ABŞ və İsrailin OPEC-in digər qurucu üzvü İrana qarşı müharibəsinin yaratdığı fasilələr fonunda təşkilatın qlobal neft bazarındakı payı da son vaxtlar ən aşağı səviyyəyə enib.

Alpine Macro şirkətinin baş geosiyasi strateqi Den Alamariu bildirib ki, OPEC-in parçalanması riski artır.

Birləşmiş Ərəb Əmirlikləri bu ilin əvvəlində təşkilatın hasilat limitlərindən narazı qaldıqdan sonra OPEC-dən çıxdığını elan edib. Anqola, Ekvador və Qətər isə müvafiq olaraq 2024, 2020 və 2019-cu illərdə təşkilatı tərk ediblər. ABŞ-ın həmin qərarlara müdaxilə etdiyini göstərən heç bir məlumat yoxdur.

OPEC 1960-cı ilin sentyabrında Bağdadda dünya neft bazarında Qərbin azsaylı neft şirkətlərinin hökmranlığına qarşı çıxmaq və hasilatçı ölkələrin bazar üzərində nəzarətini gücləndirmək məqsədilə yaradılıb.

İraq, İran, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuelanın təsis etdiyi OPEC hazırda 11 üzvü birləşdirir. Təşkilat, həmçinin Rusiya da daxil olmaqla bir sıra digər neft hasilatçısı ölkələrlə OPEC+ adlı ittifaq yaradıb. Bu ittifaq mütəmadi olaraq bir araya gələrək hasilatın əlaqələndirilmiş səviyyələrini müəyyənləşdirir.

Donald Tramp onilliklər boyu davam edən biznes və siyasi fəaliyyəti ərzində dəfələrlə OPEC-i tənqid edib, təşkilatı dünyanın qalan hissəsindən mənfəət götürən kartel və inhisarçı qurum adlandırıb. Bununla belə, son onillikdə ABŞ dünyanın ən böyük neft istehsalçısına çevrilərək OPEC-in müştərisi mövqeyindən neft bazarındakı pay uğrunda onun əsas rəqibinə çevrilib.

ABŞ yanvar ayında Maduronu ələ keçirdikdən sonra Dövlət Departamenti Vaşinqtonda Venesuela rəsmiləri ilə ölkənin OPEC-dən çıxıb-çıxmamalı olduğu barədə müzakirələrə başlayıb. Reuters-in məsələ ilə tanış olan beş mənbəsi bu barədə məlumat verib. Onlar danışıqlarda iştirak edən şəxslərin kimliyini açıqlamayıblar.

Mənbələrin sözlərinə görə, Tramp ABŞ-ın böyük neft şirkətlərinin Venesuelada neft hasilatını bərpa etməsini istəyib. O, bunun Qərb yarımkürəsində enerji təhlükəsizliyini gücləndirəcəyini bildirib və OPEC-in siyasət qərarlarının bu plana mane ola biləcəyindən narahatlıq keçirib.

Lakin mənbələrdən ikisinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman müdaxilə edərək Tramp administrasiyasını bu istiqamətdə təzyiqi davam etdirməməyə razı salıb. Səudiyyə Ərəbistanı OPEC-in ən böyük neft istehsalçısı və faktiki lideridir.

Tramp avqust ayında Venesuelanın OPEC-dən çıxıb-çıxmamasına həmin ölkənin özünün qərar verməli olduğunu bildirib.

Məsələ ilə tanış olan iki mənbənin sözlərinə görə, ABŞ rəsmiləri bu ilin yayında İraqın baş naziri Əli Faleh əl-Zeydi ilə də danışıqlar apararaq ölkəni OPEC-dən çıxmağa təşviq ediblər. Həmin vaxt ABŞ-ın ExxonMobil və Chevron neft şirkətləri İraqda iri həcmli yeni investisiyalar planlaşdırırdılar.

Əl-Zeydi daha sonra məsələni hökumət iclasında gündəmə gətirib. Mənbələrin bildirdiyinə görə, İraqın Neft Nazirliyi onu təşkilatda qalmağa və bunun əvəzinə daha yüksək OPEC hasilat kvotası əldə etməyə çalışmağa razı salıb.

Mənbələr bildiriblər ki, İraqın hakim koalisiyasındakı bəzi qüvvələr OPEC və OPEC+-dan çıxmağın tərəfdarı olduğundan bu məsələ yenidən gündəmə gələ bilər. Onlar bu ittifaqları Səudiyyə Ərəbistanı və Rusiyanın dominantlığı altında olan qurumlar hesab edirlər.

Vaşinqtonun Bağdadın OPEC üzvlük haqqını ödəməsinə mane olmağa çalışdığına dair heç bir məlumat yoxdur.

2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra ölkənin neft gəlirləri Nyu-York Federal Ehtiyat Bankındakı hesaba köçürülməyə başlanıb. İyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, bu mexanizm hələ də qüvvədədir.

Bu il ABŞ İraq hökumətində İranın təsirini azaltmadığı təqdirdə ölkəni neft gəlirlərindən məhrum etməklə hədələyib.

OPEC-ə üzvlük haqları, adətən, hər ilin birinci rübündə ödənilir və təşkilatın Vyanadakı Katibliyinin əməkdaşlarının maaşları, araşdırmalar və ezamiyyət xərclərinin maliyyələşdirilməsinə sərf olunur.

Ölkələrin iqtisadiyyatlarının həcminə uyğun üzvlük haqqı müəyyənləşdirilən Birləşmiş Millətlər Təşkilatından fərqli olaraq, OPEC üzvlük haqlarını bütün ölkələr arasında bərabər bölür. Hər bir üzvün ödədiyi məbləğ təxminən 2,8 milyon avro, yaxud 3,08 milyon dollardır.

Bu məbləğ OPEC-in neft gəlirləri ilə müqayisədə çox kiçik olsa da, üzvlük haqqının ödənilməsi Venesuelanın yaradılmasında iştirak etdiyi təşkilata üzvlüyünü davam etdirməsinin simvolik göstəricisi hesab olunur.

OPEC-lə münasibətlərdən xəbərdar olan mənbələrdən birinin sözlərinə görə, Vaşinqton Venesuelaya aid vəsaitlərin daha vacib məsələlərə sərf oluna biləcəyini əsas gətirib.

OPEC-in iki mənbəsi Reuters-ə bildirib ki, təşkilat ödənilməmiş üzvlük haqlarını nəzərə almamaq səlahiyyətinə malikdir və bu məsələyə görə Venesuelanı üzvlükdən çıxarmağı planlaşdırmır.

ABŞ-ın Venesuelanın neft gəlirlərinə və maliyyə sisteminə nəzarət etməsi Cənubi Amerika ölkəsində bəzi şəxslərin öz dövlətlərini suveren ölkə deyil, ABŞ-ın himayəsində olan ərazi kimi xarakterizə etməsinə səbəb olub.

ABŞ Hökumətinin Hesabatlılıq İdarəsi Konqresin şəffaflıq tələblərindən sonra iyul ayında Tramp administrasiyasının Venesuelanın neft gəlirlərini idarə etməsi və bölüşdürməsi ilə bağlı rəsmi araşdırmaya başlayıb.

Tramp administrasiyası Venesuelanın neft gəlirlərinin dövlət qulluqçularının maaşlarının ödənilməsi və zəruri xidmətlərin maliyyələşdirilməsi də daxil olmaqla, Venesuela xalqının ehtiyaclarını qarşılamaq üçün istifadə edildiyini bildirib.

Reuters ABŞ-ın OPEC üzvlük haqqının ödənilməsi ilə bağlı müraciəti dəqiq nə vaxt rədd etdiyini müəyyənləşdirə bilməyib.

Venesuela hazırda OPEC+ çərçivəsində neft hasilatı kvotalarından azaddır. Buna səbəb uzun illər davam edən sanksiyalar və idarəetmədəki nöqsanlar nəticəsində ölkənin neft hasilatının əvvəlki tarixi maksimum səviyyələrdən kəskin azalmasıdır.

OPEC-in məlumatına görə, Venesuela sentyabr ayında gündəlik təxminən 1,2 milyon barel neft hasil edib. Ölkənin dövlət neft şirkəti PDVSA gələn ilin sonunadək gündəlik hasilatı 1,5 milyon barelə çatdırmağı planlaşdırdığını açıqlayıb.

OPEC Venesuelanın neft hasilatını sonuncu dəfə 2017–2018-ci illərdə kvotalar vasitəsilə tənzimləyib. Həmin dövrdə ölkə üçün müəyyənləşdirilən hədəf gündəlik təxminən 2 milyon barel olub. Venesuelanın OPEC kvota sisteminə qayıtması üçün hasilatın yenidən bu səviyyəyə çatması tələb oluna bilər. Ölkənin OPEC-dəki mövqeyi ilə tanış olan mənbə bu səviyyəyə çatmayana qədər kvota sisteminə qayıdışın ehtimalının az olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu