ABŞ birjalarında güclü yüksəliş: Nasdaq 2,31 faiz bahalaşıb



ABŞ fond bazarının əsas indeksləri cümə günü yüksəlişlə başa çatıb və həftəlik artım nümayiş etdirib. 

AFN.az xəbər verir ki, Şükranlıq Günü tətilindən sonra bazara qayıdan investorlar qiymətləri kəskin ucuzlaşmış süni intellektlə əlaqəli səhmlərə üz tutublar.

ABŞ səhmləri bu həftə ərzində kəskin dalğalanıb. Jensen Huangın “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə qayıtması, eləcə də “Anthropic” şirkətinin səhmlərinin qısa müddətə ilkin kütləvi təklif qiymətindən aşağı düşməsi süni intellekt sektorundakı ticarətdə dəyişkənliyi artırıb.

İnvestorlar kəskin satışlardan sonra ucuzlaşmış səhmləri almaqla süni intellekt sahəsində artan xərclər, böyük borclanma və şirkətlərin investisiyalarından əldə edəcəyi gəlirlə bağlı şübhələr arasında tərəddüd ediblər.

Harris Financial Group şirkətinin idarəedici tərəfdaşı Ceymi Koks bildirib ki, bazarda səhmlər o qədər həddindən artıq ucuzlaşıb ki, yüksəlişin baş verməsi qaçılmaz idi.

İnvestorların bu ay ərzində kəskin satışa məruz qoyduğu çip istehsalçılarının səhmləri yenidən bahalaşıb. “Micron”un səhmləri 7,6 faiz, “Marvell”in səhmləri isə 7,3 faiz yüksəlib. Çip sektorunu əhatə edən daha geniş SOX indeksi də 4,7 faiz artıb. Sessiyanın böyük hissəsində zəif mövqedə qalan “Nvidia” səhmləri isə ticarəti 0,8 faiz yüksəlişlə başa vurub.

“Dow Jones Industrial Average” indeksi 591,99 bənd və ya 1,18 faiz artaraq 50 774,94 bəndə çatıb. “S&P 500” indeksi 114,71 bənd və ya 1,60 faiz yüksələrək 7 297,49 bənd, “Nasdaq Composite” indeksi isə 543,70 bənd və ya 2,31 faiz artaraq 24 129,50 bənd olub.

Süni intellekt sahəsinin inkişafından faydalanan şirkətlərin səhmlərində də kəskin artım qeydə alınıb. Məlumat saxlama sistemləri istehsalçısı “Sandisk”in səhmləri təxminən 16 faiz bahalaşıb. Optik məhsullar istehsal edən “Lumentum” və server istehsalçısı “Dell”in səhmləri də ciddi yüksəliş göstərib.

Böyük məlumat mərkəzlərini idarə edən texnologiya şirkətləri – süni intellekt sahəsində fəaliyyət göstərən hipermiqyaslı bulud xidmətləri təminatçıları da bahalaşıb. “Amazon”, “Microsoft”, “Meta Platforms” və “Oracle” səhmləri yüksəliş nümayiş etdirib. “Tesla”nın səhmləri isə 5 faiz artıb.

“Morgan Stanley Investment Management” şirkətinin baş portfel meneceri Endrü Slimmon bildirib ki, texnologiya sektorundakı yüksəliş bazar ertəsi başlayıb, çərşənbə günü gün ərzində baş verən dönüşlə davam edib və cümə günü də sürüb. Onun sözlərinə görə, texnologiya səhmlərindən sürətlə çıxan çoxsaylı qısamüddətli investorlar gələn həftə yenidən bazara qayıtmağa məcbur qala bilərlər və bu da yüksəlişin davam etməsinə səbəb ola bilər.

Həftə ərzində “S&P 500” indeksi 5,6 faiz, “Nasdaq” 6,68 faiz, “Dow Jones” isə 5,46 faiz yüksəlib. “S&P 500” indeksinin həftəlik artımı 2025-ci ilin aprelindən bəri ən böyük göstərici olub.

“S&P 500” bank indeksi 1,6 faiz artıb. Bu yüksəlişə “JPMorgan Chase” səhmlərinin təxminən 2 faizlik bahalaşması da təsir göstərib.

Bununla belə, bazardakı artım noyabr ayı ərzində qeydə alınmış itkiləri əhəmiyyətli dərəcədə kompensasiya etməyib. Süni intellekt sahəsinə daha sərt tənzimləmələrin tətbiq olunacağı ilə bağlı narahatlıqlar və pul siyasətinin məhdudlaşdırıcı olaraq qalacağı gözləntiləri fonunda “S&P 500” və “Nasdaq” indeksləri 2008-ci ildən bəri ən zəif noyabr göstəricilərini nümayiş etdirməyə hazırlaşır.

Bu həftə açıqlanan məlumatlar ABŞ iqtisadiyyatının üçüncü rübdə ilkin hesablamalardan xeyli sürətlə böyüdüyünü, oktyabrda isə inflyasiyanın daha da sürətləndiyini göstərdikdən sonra treyderlər Federal Ehtiyat Sisteminin dekabr ayında faiz dərəcəsini artıracağını demək olar ki, tam şəkildə qiymətlərə daxil ediblər.

Qiymətli metalların qiymətləri bir neçə zəif ticarət sessiyasından sonra bərpa olunduğundan qızıl və gümüş hasilatı ilə məşğul olan şirkətlərin səhmləri də yüksəlib. “Newmont”un səhmləri 5,4 faiz bahalaşıb, “Global X Silver Miners” birja fondu da dəyər qazanıb.

ABŞ Qida və Dərman Administrasiyasının şirkətin böyrək xəstəliyinə qarşı dərmanının qiymətləndirilməsini üç ayadək uzatmasından sonra “Vertex Pharmaceuticals” şirkətinin səhmləri 5,2 faiz ucuzlaşıb.

ABŞ fond bazarları Şükranlıq Günü ilə əlaqədar cümə axşamı baş tutan tətildən sonra cümə günü qısaldılmış iş qrafiki ilə fəaliyyət göstərib.

ABŞ birjalarında ticarət həcmi 10,97 milyard səhm təşkil edib.

“New York Stock Exchange” birjasında bahalaşan səhmlərin sayı ucuzlaşanları 3,25-ə 1 nisbətində üstələyib. Birjada 55 yeni maksimum və 73 yeni minimum qeydə alınıb.

“Nasdaq” birjasında 3 677 səhmin qiyməti yüksəlib, 1 135 səhmin qiyməti isə düşüb. Bahalaşan səhmlər ucuzlaşanları 3,24-ə 1 nisbətində üstələyib.

“S&P 500” indeksi son 52 həftənin 12 yeni maksimumunu qeydə alıb, yeni minimum isə olmayıb. “Nasdaq Composite” indeksində isə 53 yeni maksimum və 96 yeni minimum qeydə alınıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu