Kanadada hicab və dini simvolların istifadəsinə qadağa təsdiqlənib



Kanada Ali Məhkəməsi ölkənin şərqində yerləşən Kvebek əyalətində dövlət sektoru əməkdaşlarının dini simvollar daşımalarını qadağan edən qanunun Konstitusiyaya uyğun olduğuna qərar verib. 

AFN.az xəbər verir ki, qərarla dövlət işçilərinin iş yerlərində hicab və xaç kimi dini simvollardan istifadə etməsinə qoyulan məhdudiyyətin hüquqi qüvvəsi təsdiqlənib.

CBC News telekanalının məlumatına görə, Kanada Ali Məhkəməsi Kvebek əyalətində 21 saylı qanun (Bill 21) kimi tanınan dünyəvilik qanununun Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edib.

Məhkəmə qərarın əsaslandırılmasında qanunun Kvebek əyalətinin dünyəvilik və demokratiyaya olan qanuni və tarixi bağlılığından qaynaqlandığını bildirib.

Beləliklə, Kvebek əyalətinin dövlət sektoru əməkdaşlarının iş yerlərində hicab və xaç kimi dini simvollardan istifadə etməsini qadağan etmək üzrə qanuni səlahiyyəti təsdiqlənib.

Hakim Riçard Vaqner qərarla bağlı açıqlamasında 21 saylı qanunun Kvebekin azad və demokratik cəmiyyətdə dövlətin dünyəviliyini təmin etmək istiqamətində qanuni və tarixi bağlılığından irəli gəldiyini bildirib.

Kanada Müsəlmanlarının Milli Şurasının (NCCM) baş icraçı direktoru Stiven Braun jurnalistlərə açıqlamasında Kanada Ali Məhkəməsinin qərarının ölkə üzrə fundamental hüquqlara zərər vura biləcəyi barədə xəbərdarlıq edib.

Məhkəmənin qərarını ölkədə din azadlığı və bərabərlik baxımından böyük geriləmə kimi xarakterizə edən Braun bu günü Kvebek və Kanada üçün qaranlıq gün adlandırıb. O, kanadalıların Konstitusiya ilə təminat altına alınan hüquqlarına qarşı genişmiqyaslı hücumun qapılarının açıldığını bildirib.

Braun Kvebekdə yaşayan bir çox insanın dini görünüşlərinə görə işlərini, təhsil imkanlarını və karyera perspektivlərini itirdiyini qeyd edib. O, qərarın təsirlərinin dini azlıqlardan daha geniş dairəni əhatə edə biləcəyi barədə xəbərdarlıq edib.

Braun bildirib ki, bu qərar ölkədəki hər bir hakimiyyət orqanına bütün kanadalıların fundamental azadlıqlarını və qanuni hüquqlarını əlindən alan qanunlar qəbul etmək üçün məhdudiyyətsiz səlahiyyət verir. Onun sözlərinə görə, hüquqlar hökumətin siyasi maraqlarına uyğun gəldiyi istənilən vaxt pozula bilirsə, deməli, insanlar əslində real hüquqlara malik deyillər.

Kanadanın Baş naziri Mark Karni jurnalistlərə açıqlamasında federal hökumətin məhkəmənin qərarına hörmət etdiyini və onun həm əyalət daxilində, həm də ölkə miqyasında təsirlərinin araşdırılacağını bildirib.

Ölkəni mozaika kimi xarakterizə edən Karni federal hökumətin öz səlahiyyətləri çərçivəsində Kanadada hüquq və azadlıqları qorumaq üçün əlindən gələni edəcəyini deyib.

Karni hər kəsin özünü cəmiyyətə aid hiss etdiyi mühitdə Kanadanın daha güclü olduğunu vurğulayıb. O bildirib ki, bu mozaika yalnız insanların kimliyini, fərqli mənşəyini və kimliklərini əks etdirən mənzərə deyil, həm də insanların bir-birinə münasibəti ilə bağlı öhdəlikdir. Onun sözlərinə görə, bu, hər kəsin öz kimliyi ilə inkişaf etmək imkanına malik olduğu və azlıqların qorunduğu ölkə modelidir.

Əyalətdə müsəlman, siqh və katolik nümayəndələrin də daxil olduğu müxtəlif qruplar əsas hüquqlarını pozduğu səbəbilə sözügedən qanunu məhkəməyə veriblər.

Kanadada ən mühüm konstitusiya proseslərindən biri kimi xarakterizə edilən və 2019-cu ildə qəbul olunan 21 saylı qanun dövlət qulluqçularının iş yerlərində dini simvollar daşımalarını qadağan edir.

BBC-nin məlumatına görə, bu qərar ölkədə dini ifadə azadlığı ilə bağlı hüquqi müzakirələrə səbəb ola və müxtəlif təbəqələrin etirazı ilə qarşılaşa bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu