Britaniya mühafizəkarlarına Aİ-yə qayıdışı dəstəkləmək qadağan edilib
Böyük Britaniyanın müxalifətdəki Mühafizəkarlar Partiyasından parlament seçkilərində namizəd olmaq istəyən şəxslər ölkənin Avropa İttifaqına (Aİ) yenidən qoşulmasını dəstəkləməyəcəklərinə dair sənəd imzalamalı olacaqlar.
AFN.az xəbər verir ki, partiyanın lideri Kemi Beydnok BBC-yə açıqlamasında namizədlər üçün yeni tələbləri açıqlayıb.
Sənədə əsasən, namizədlər Böyük Britaniyanın Avropa İnsan Hüquqları Konvensiyasından çıxmasını və karbon neytrallığına nail olmaq proqramından imtinanı da dəstəkləməlidirlər. Bu öhdəlikləri imzalamaqdan imtina edən şəxslər Mühafizəkarlar Partiyasından seçkilərdə iştirak edə bilməyəcəklər.
BBC-nin məlumatına görə, yeni tələblərə uyğunluq yoxlamasından bəzi nüfuzlu mühafizəkar siyasətçilər də keçə bilməyib. Onların arasında İcmalar Palatasının Müdafiə Komitəsinin keçmiş sədri Tobias Ellvud da var. O, namizədlər siyahısından çıxarılıb.


