Britaniya parlamentaruləri BBC-nin iş prinsiplərini kökündən dəyişməyə çağırıb
Britaniya parlamentinin deputatları BBC-də köklü dəyişikliklər tələb ediblər.
Bu, yayım korporasiyasının baş direktoru Tim Deyvin və xəbər xidməti rəhbəri Deborah Ternessin istefasından sonra gündəmə gəlib.
AFN.az xatırladır ki, qeyd edilən şəxslər ABŞ Prezidenti Donald Tramp-ın çıxışının saxtalaşdırılması skandalı ilə bağlı istefa veriblər.
Konservatorların lideri Kemi Beydnok Trampın çıxışının “montaj edilməsi” ilə bağlı açıqlamaları “tamamilə şokedici” adlandırıb. O, BBC-nin fəaliyyəti ilə bağlı problemlərin daha dərin köklərə sahib olduğunu qeyd edib və korporasiyanın ABŞ və Yaxın Şərq hadisələrini işıqlandırmasının tamamilə yenidən qurulmasının vacib olduğunu bildirib. Beydnok əlavə edib ki, BBC-nin gündəliyi artıq ideoloji aktivist qruplar tərəfindən formalaşdırılmamalıdır.
Reform UK partiyasının lideri Neycel Farac Tim Deyvini “ikili standartlar” tətbiq etməkdə ittiham edib və hökumətə şirkətlərin və korporativ mədəniyyətin yenidən qurulmasında təcrübəsi olan şəxsi təyin etməyi tövsiyə edib. Qeyd olunur ki, Farac son zamanlarda Böyük Britaniyanın Baş naziri Keyr Starmeri-ni ötərək, əhalinin rəhbər kimi görmək istədiyi siyasətçi olub.
Keçmiş xarici işlər naziri, konservator deputat Ceyms Kloverli BBC-dəki problemin “öz tərəfkeşliyini etiraf edə bilməmək” olduğunu bildirib. Onun sözlərinə görə, BBC hər bir səhvi ayrılıqda nəzərdən keçirir, lakin ümumi mənzərəni görməyi ya istəmir, ya da bacarmır.



