Kanadada dini simvol qadağası böhranı: İşdən çıxarılmalar başladı
Kvebek hökumətinin məktəblərdə dini simvolların istifadəsini qadağan edən və əhatə dairəsini genişləndirən "94 saylı Qanun" (Bill 94) Monreal və ətrafındakı təhsil müəssisələrində ciddi məşğulluq böhranına səbəb olub.
AFN.az xəbər verir ki, 2025-ci ilin oktyabrında qəbul edilən və 2025-ci ilin martından etibarən geriyə qüvvəsi olan qanun səbəbindən onlarla məktəb əməkdaşı işdən çıxarılıb, fəaliyyəti dayandırılıb və ya istefaya məcbur edilib. Monreal Məktəb Direktorları Assosiasiyası yüzlərlə işçinin bənzər təhlükə ilə üzləşdiyini bildirib.
Əvvəllər yalnız müəllim və direktorlara şamil edilən dini simvol qadağası yeni qanunla məktəbdə şagirdlərlə ünsiyyətdə olan bütün personalları əhatə edəcək şəkildə genişləndirilib.
Bu çərçivədə aşağıdakı vəzifəli şəxslərin iş saatları ərzində hicab, kipa, xaç və digər dini simvollar daşıması qadağandır:
Məktəb yeməkxanası işçiləri;
Məktəbəqədər təhsil mütəxəssisləri;
Məsləhətçilər və psixoloqlar;
Məktəb dəhlizlərindəki nəzarətçilər.
Hökumət 19 mart 2025-ci il tarixindən əvvəl vəzifədə olanlar üçün istisna tanısa da, bu tarixdən sonra işə girənlər və ya vəzifəsi dəyişdirilənlər bu hüquqdan yararlana bilmirlər. Bu, illərdir sistemdə olan təcrübəli kadrların da işini itirməsinə gətirib çıxarıb.
"Mənə alışmış bu uşaqları qəfil tərk etməyə məcbur edilirəm. Kimliyim, dəyərlərim və karyeram arasında seçim etmək məcburiyyətində qaldım." — Məryəm Qarnuqui, işdən çıxarılan tərbiyəçi.
Hakim CAQ partiyasının üzvü Bernard Drainvil tənqidlərə kəskin cavab verərək, qanuna tabe olmamağın işçilərin şəxsi seçimi olduğunu bildirib. Digər tərəfdən, müxalifət və həmkarlar ittifaqları bu addımı "ayrı-seçkilik" adlandıraraq qanunun ləğvi və ya yumşaldılması üçün təzyiqləri artırırlar.

