Hicabla bağlı müzakirələrə aydınlıq gətirildi
Sosial şəbəkələrdə uşaqların dinə etiqada məcbur edilməsinin qadağan edilməsiylə bağlı mövcud qanuna edilən yeni dəyişiklik müzakirəyə səbəb olub. İddia edilir ki, yeni dəyişiklikdə uşaqlara hicab geyindirməyə qadağa qoyulub.
Bəs əslində necədir? Dəyişiklik özündə hicab qadağasını da ehtiva edirmi?
“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş üzrə komitəsinin üzvü, deputat Ceyhun Məmmədovla əlaqə saxlayıb.
Deputat vurğulayıb ki, sözügedən qanunda dini təbliğatın uşaqların psixoloji durumuna mənfi təsir etməsinin qadağan olunmasıyla bağlı bənd var:
“Qanuna dəyişiklik ümumi yanaşmadır. Burada sırf hicab qadağası, yaxud övladın dini tərbiyə almasına hansısa qadağanın qoyulmasından söhbət getmir. Biz bilirik ki, başqa dinlərdə, o cümlədən İslam dinində də valideynlərə övladlarına dini tərbiyə vermək tövsiyə olunur. Burada qadağa ondan ibarətdir ki, təbliğat həmin uşaqların psixoloji, fiziki durumuna mənfi təsir edirsə, o zaman bu kimi hallar qadağan edilir. Hansısa bir valideynə övladına dini tərbiyə verməyə məhdudiyyət qoyulmur. Məsələn, biz müşahidə etdik ki, Suriyada döyüşlər zamanı çoxlu sayda vətəndaşımız gedib döyüşlərdə iştirak etdilər. Bu gün də Suriyada, xüsusilə İraqda bizim vətəndaşlarımız öz xanımları, uşaqlarıyla birgə həbsxanadadırlar.
Ümumən götürdükdə, burada övladın hansısa formada məcburi qaydada zərərli təlimlərə, ideologiyalara məcbur edilməsi faktı var”.
C. Məmmədovun sözlərinə görə, bu dəyişikliklər yalnız İslam diniylə bağlı deyil: “Burada digər dinlər də nəzərdə tutulur. Qeyri-ənənəvi radikal dini təriqətlərin nümayəndələri var ki, onlar öz övladlarına zərərli fikirləri təbliğ edirlər. Ona görə də uşaqların bu kimi zərərli təsirlərdən qorunmasından söhbət gedir. Valideyn öz övladına dini tərbiyə verə bilər. Bu, onun öz şəxsi işidir.
Azərbaycanda geniş yayılmasa da, ayrı-ayrı yerlərdə satanizmlə bağlı təbliğat gedir. Bu, zərərli dini təlimdir. Yaxud İslam dinində insanın öz bədəninə zərər yetirməsi qadağandır. Baş yarmaq, zəncir vurmaq formasında xəsarət yetirmə yolverilməzdir və buna icazə verilmir.
Bu dəyişikliklərlə bağlı şərhlərdə yanlışlığa yol verilib. Burada incə xətt odur ki, valideynin övladına dini tərbiyə verməsinə heç bir məhdudiyyət yoxdur. Sadəcə bu tərbiyə elə formada olmalıdır ki, uşağın psixoloji, fiziki durumuna təsir göstərməsin. Bir sıra hallarda bunu hicabla bağlamaq da düzgün deyil”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa isə Azadlıq Radiosuna açıqlamasında bildirib ki, burada söhbət uşaqlara zorla hicab geydirməkdən, dini mərasimlərə və ya başqa yerlərə zorla aparmaqdan gedir. Onun sözlərinə görə məqsəd uşaqları qorumaqdır ki, bəzi valideynlər uşaqları erkən yaşlardan dini düşüncəyə yönləndirməsinlər: “Bu radikalizmə yönələn insanların sayını azaltmaq məqsədini daşıyır. Valideynlər üçün problem ondan ibarətdir ki, uşaqlar bir müddətdən sonra xarici ölkələrə dini təhsil almağa gedirlər. Bu da böyük problemlər yarada bilir. Bu zaman ölkədən kənarda hər hansı dinlərin militanları kimi yetişməsinə şərait yaranır. Söhbət heç bir halda uşaqlara ailələrin dini bilgiləri aşılanmasından yox, məcburi davranışlardan gedir”.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik Milli Məclisin mayın 4-də keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.