İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası qadınlara və uşaqlara müraciət etdi

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 30 iyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə cəmiyyətə, xüsusilə qadınlara və uşaqlara müraciət ünvanlayıb.
AFN.az həmin müraciəti təqdim edir:
Hörmətli vətəndaşlar, dəyərli qadınlar və valideynlər, əziz gənclər!
İnsan alveri XXI əsrdə bəşəriyyətin üzləşdiyi ən ciddi insan hüquqları pozuntularından biri olaraq qalmaqdadır. Bu cinayət təkcə fiziki istismarla məhdudlaşmır, yeni rəqəmsal istismar formalarında daha mürəkkəb və görünməz şəkil almaqdadır. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz, 30 iyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə bütün Azərbaycan cəmiyyətinə çağırış edirik: hüquqlarınızı tanıyın, təhlükələri tanıdın və birlikdə mübarizə aparın!
Son illər beynəlxlaq ictimaiyyətdə yayılan məlumatlar göstərir ki, insan alveri hallarının aşkarlanması çətinləşməkdədir. İnsan alverinin yeni formaları rəqəmsallaşaraq həyatımıza daxil olur! Belə ki, rəqəmsal istismar, “romantik tələlər”, deepfake vasitəsilə şantaj, sosial mediada iş və evlilik vədləri ilə aldadılma, xüsusilə gənc qızlar və uşaqları hədəfə alır.
Əziz qadınlar!
Sizi iş, nikah və ya səyahət vədləri ilə inandırmağa çalışan tanımadığınız insanlara etibar etməyin. Xarici ölkələrə gedərkən iş müqavilələrini və viza şəraitini rəsmi mənbələrdən yoxlayın. Rəqəmsal platformalarda özünüzlə bağlı görüntü və məlumat paylaşarkən ehtiyatlı olun. Bu, insan alverçilərinin sizi manipulyasiya etməsi üçün “materiala” çevrilə bilər.
Əziz valideynlər və uşaqlar!
Uşaqların internetdə keçirdiyi vaxta nəzarət etmək, onların kimlə ünsiyyətdə olduğunu bilmək artıq sadəcə valideynlik vəzifəsi deyil, müdafiə tədbiridir. Onlayn oyunlar, sosial şəbəkələr və messencerlər artıq uşaq alveri və istismarının əsas vasitələrinə çevrilmişdir.
İnsan alveri qurbanları – onlar bizim bacılarımız, qızlarımız, qonşularımız və həmvətənlərimizdir. Bu reallığı anlamaq, təhlükənin görünməz tərəflərini görmək və hər bir fərdin bu zəncirin bir halqası ola biləcəyini qəbul etmək mübarizənin başlanğıcıdır.
Şübhə etdiyiniz halları bildirin, susmayın! Maariflənin, məlumat verin, mübarizə aparın!
Təcili yardım üçün əlaqə nömrələri:
152 – İnsan alveri ilə mübarizə üzrə Qaynar xətt:
116111 – Uşaq qaynar xətti:
Koalisiyanın əlaqə nömrəsi: (+99470) 632-72-12:
e-mail: azngocoalitionht@gmail.com
Ədalətli, təhlükəsiz və insan ləyaqətinə hörmət edilən bir cəmiyyət üçün birlikdə mübarizə aparaq!
Susma! Xəbər ver! Qorun!