Ordubadda “İntellekt Çempionatı”nın seçimi keçirilib

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Ordubad rayonunda baş tutub.
İB-dən verilən məlumata görə, Ordubad şəhərində “İntellekt Çempionatı”nın Ordubad rayon seçimi təşkil olunub.
İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək bu cür layihələrin əhəmiyyətinə toxunub, yarışda iştirak edən gənclərə uğurlar arzu edib.
Sonra 9 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Ordubad rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Turan” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.