OpenAI “Apple”ı kommersiya sirlərini oğurlamaqda ittiham edərək məhkəməyə verib
“ChatGPT”nin yaradıcısı OpenAI “Apple” şirkətini kommersiya sirlərini oğurlamaqda və gələcək cihazlarının hazırlanması istiqamətində onunla əməkdaşlıq etmək istəyən avadanlıq təchizatçılarına təzyiq göstərməkdə ittiham edərək məhkəməyə verib.
AFN.az xəbər verir ki, OpenAI bu addımı “Apple”ın onu əməkdaşlarını ələ keçirərək texnologiyalarına çıxış əldə etməkdə ittiham etməsindən sonra atıb.
OpenAI cümə günü Kaliforniya federal məhkəməsinə qarşılıqlı iddia təqdim edərək bildirib ki, “Apple”ın işə qəbul və əmək münasibətləri siyasəti əməkdaşları rəqib şirkətlərin texnologiyaları üzərində işləməkdən çəkindirmək və onları şirkətdə saxlamaq məqsədi daşıyır.
Şirkətin məhkəməyə təqdim etdiyi sənəddə qeyd olunub ki, OpenAI “Apple”ın özünə məxsus hesab etdiyi bazarda onu qabaqlamaq təhlükəsi yaradan süni intellekt imkanlı fərdi elektron cihazlar hazırlayır.
OpenAI iddia edir ki, “Apple” əvvəllər bu şirkətdə altı ay çalışmış əməkdaşını yenidən işə götürməklə məxfi məlumatlar əldə edib. Həmin müddətdə əməkdaş yeni cihazla bağlı konkret məlumatlara, eləcə də OpenAI-nin gələcək aparat məhsulları üzrə inkişaf planına çıxış əldə edib.
OpenAI məhkəmə sənədində bildirib ki, hadisələrin vaxtı həmin şəxsin bu sənədləri əldə etmək məqsədilə əvvəlcə OpenAI-yə işə düzəlmiş ola biləcəyini göstərir.
“Apple” və OpenAI Reuters-in şərh sorğularına dərhal cavab verməyiblər.
Süni intellekt məhsullarının hazırlanması uğrunda rəqabətin güclənməsi, mütəxəssislər və mülkiyyət hüquqları ilə qorunan texnologiyalar uğrunda mübarizə iki texnologiya şirkəti arasında gərginliyi artırıb.
Bu ilin iyul ayında “Apple” OpenAI-ni, eləcə də şirkətin keçmiş əməkdaşları Tanq Tan və Çanq Lünü məhkəməyə verib. Şirkət onları kommersiya sirlərini mənimsəməkdə və bu məlumatlardan “ChatGPT”nin yaradıcısının istehlakçı elektronikası bazarına daxil olması üçün istifadə etməkdə ittiham edib.
“Apple”da 24 il çalışmış, “iPhone” və “Apple Watch” məhsullarının dizaynı üzrə vitse-prezident olmuş Tan 2025-ci ildə OpenAI tərəfindən satın alınan “io Products” şirkətinin yaradılmasında iştirak edən qrupun üzvü olub.
OpenAI və adıçəkilən keçmiş əməkdaşlar bu ittihamları rədd ediblər. Onlar bildiriblər ki, “Apple”ın iddiası Lünün şirkətdəki işindən ayrıldıqdan sonra onun şəxsi mesajlarının icazəsiz izlənilməsinə əsaslanır. Tanq Tan və Çanq Lünün vəkilləri şərh sorğusuna dərhal cavab verməyiblər.
OpenAI cümə günü məhkəməyə təqdim etdiyi sənəddə “Apple”ı əməkdaşları şəxsi Apple cihazlarında və hesablarında iş görməyə təşviq etməkdə, daha sonra isə onlar yeni işə keçərkən iş və şəxsi hesablarını qaydalara uyğun şəkildə ayırmalarına mane olmaqda tənqid edib.
OpenAI-nin iddiasına görə, “Apple” keçmiş əməkdaşlarının şəxsi cihazlarına və hesablarına şirkətdən ayrıldıqdan sonra da çıxış əldə etməyə davam edir. Bu isə şirkətə rəqiblərə keçən əməkdaşları izləmək və onları çətin vəziyyətə salmaq imkanı verir.
OpenAI bildirib ki, indiyədək “Apple”dan 400 əməkdaş bu şirkətə keçib. Şirkətin fikrincə, “Apple” digər əməkdaşlarının da texnologiya sektorundakı başqa şirkətlərə keçməsinin qarşısını almaq üçün onları qorxutmağa çalışır.
