"Giorcio Armani" ailəsinin varisləri moda evinin səhmlərinin bir hissəsini almağı nəzərdən keçirir


Məşhur modelyer "Corcio Armani"nin varisləri onun vəsiyyətinə əsasən satışa çıxarılacaq 15 faizlik payın kiçik bir hissəsini almağı nəzərdən keçirirlər. 

AFN.az xəbər verir ki, məsələ ilə tanış olan iki mənbənin Reuters-ə verdiyi məlumata görə, satış prosesi çərçivəsində Fransanın “L’Oréal” şirkətinin əsas payı əldə etməsi gözlənilir.

Armaninin ətriyyat, dəriyə qulluq və makiyaj məhsulları üzrə lisenziyası 2050-ci ilədək qüvvədə olan “L’Oréal” satışa çıxarılan payın böyük hissəsini alacaq. Mənbələrdən biri Fransa kosmetika şirkətinin “Armani”nin təxminən 10 faizlik səhmini əldə etmək üçün danışıqlar apardığını bildirib.

Armaninin digər mühüm kommersiya tərəfdaşı olan eynək istehsalçısı “EssilorLuxottica”nın İtaliya moda evində təxminən 2-3 faizlik pay alacağı, qalan 2-3 faizlik hissənin isə Armaninin varislərinə çatacağı bildirilir.

Mənbələrdən birinin sözlərinə görə, payı almağı nəzərdən keçirən varislər arasında modelyerin 71 yaşlı qardaşı qızı, “Giorgio Armani” qadın geyimlərinin dizaynına rəhbərlik edən Silvana Armani, 56 yaşlı qardaşı oğlu və şirkətin idarə heyətinin üzvü Andrea Kamerana, eləcə də 74 yaşlı uzunmüddətli həyat yoldaşı və kişi geyimləri istiqamətinə rəhbərlik edən Leo Dell’Orko var.

2025-ci ilin sentyabrında 91 yaşında vəfat edən Corcio Armani vəsiyyətində şirkətin təxminən 15 faizlik payının ölümündən 12-18 ay sonra satılmasını nəzərdə tutub. Daha sonra əlavə olaraq 30-54,9 faizlik payın satılması və ya şirkətin səhmlərinin fond birjasında yerləşdirilməsi planlaşdırılıb. Bu prosesdə LVMH, “L’Oréal”, “EssilorLuxottica” və ya onlarla eyni səviyyədə olan başqa bir şirkətə üstünlük verilməsi qeyd olunub.

Mənbələrdən birinin bildirdiyinə görə, Fransanın lüks məhsullar qrupu LVMH hazırda danışıqlarda iştirak etmir.

Armaninin vəsiyyətində varislərdən bəzilərinin ilkin 15 faizlik payın bir hissəsini alması variantı nəzərdə tutulmayıb.

Reuters bu ay xəbər vermişdi ki, həmin payın bir alıcıya deyil, bir neçə investora bölünərək satılması ailənin prosesin ikinci mərhələsi ilə bağlı seçim imkanlarını qoruyub saxlayacaq. Varislər şirkətin gələcəkdə fond birjasında yerləşdirilməsinə üstünlük verirlər.

Mənbələrin sözlərinə görə, danışıqlar davam edir və hələlik yekun razılaşma əldə olunmayıb.

“Armani” moda evinin, şirkətin məsləhətçisi “Rothschild”in, LVMH və “EssilorLuxottica”nın nümayəndələri şərh verməkdən imtina ediblər. “L’Oréal” isə elektron poçt vasitəsilə göndərilən sorğulara cavab verməyib.

Modelyerin irsini qorumaq və onun arzularını həyata keçirmək məqsədilə yaradılmış “Giorgio Armani” Fondu hazırda moda evinin tam mülkiyyət hüququnun 10 faizinə, qalan 90 faizinə isə çılpaq mülkiyyət hüququna malikdir. Bu o deməkdir ki, fond həmin səhmlərin hüquqi sahibidir, lakin onların səsvermə hüququndan istifadə etmək və dividend kimi gəlirləri əldə etmək səlahiyyəti yoxdur. Uzufrukt adlanan bu hüquqlar modelyerin varisləri arasında bölüşdürülüb.

Corcio Armani 15 faizlik payın formalaşdırılması üçün hər bir varisin nə qədər səhm verməli olduğunu vəsiyyətində ayrıca müəyyənləşdirib. Həmin səhmlərlə bağlı uzufrukt hüquqları pay alıcılara təhvil verilməzdən əvvəl ləğv ediləcək. Bundan sonra alıcılar səhmlərə tam mülkiyyət hüququ əldə edəcəklər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu