Ən zənginlərin ətraf mühitə illik ziyanı 5,7 trilyon dollardır



Niderlandın Leyden Universiteti tərəfindən aparılan yeni bir araşdırma qlobal istehlakın zirvəsində yer alan 10 faizlik təbəqənin ətraf mühitə vurduğu ziyanın iqtisadi miqyasını nümayiş etdirib.

AFN.az xəbər verir ki, elm adamları bu varlı qrupun yol açdığı ekoloji fəsadların cəmiyyətə illik maliyyəsinin 1,7 ilə 5,7 trilyon dollar arasında olduğunu hesablayıblar.

Ekologiya üzrə alimlər İnqe Şrayver, Rutger Hukstra və Pol Berens təbiətə vurulan ziyanı varlı təbəqənin ən yaxşı anladığı dil olan iqtisadiyyat üzərindən ifadə etmək məqsədilə genişhəcmli tədqiqat aparıblar.

Dünyanın ən zəngin 10 faizinin karbon emissiyası, biomüxtəlifliyin itirilməsi, su istehlakı, həmçinin azot və fosfor tullantısı kimi amilləri ehtiva edən istehlak izləri araşdırılıb.

"Ətraf Mühit Qiymətləri Əl Kitabı" məlumatları ilə birləşdirilən araşdırmada ən zəngin istehlakçıların adambaşına illik 2300 ilə 7500 dollar arasında ekoloji borcu olduğu müəyyən edilib.

Ortaya çıxan bu nəhəng fakturanın qlobal iqlim və biomüxtəliflik layihələrinin maliyyələşdirilməsində yaşanan qlobal büdcə kəsirlərini artıqlaması ilə bağlaya biləcək potensiala sahib olduğu bildirilir.

Araşdırma nəticələri qlobal zərər fakturasındakı ən böyük payın 47-56 faizlə biomüxtəlifliyin itirilməsindən qaynaqlandığını göstərib. Bunu 36-45 faizlik göstərici ilə iqlim dəyişikliyi izləyib.

Ölkələr arasındakı istehlak və emissiya bərabərsizliyi səbəbindən bu faktura bölgələrə görə böyük fərqliliklər nümayiş etdirir.

Məsələn, qlobal lüks istehlakda ən böyük paya sahib olan ABŞ-dakı zəngin 10 faizlik təbəqənin adambaşına düşən ekoloji borcu 19 min ilə 63 min dollar arasında dəyişir.

Bu məbləğ sözügedən şəxslərin illik gəlirlərinin cəmi 6-20 faizinə, ümumi sərvətlərinin isə 3 faizindən azına bərabərdir.

Buna qarşılıq Hindistandakı ən zəngin 10 faizin adambaşına düşən ekoloji fakturası 410 dollar ilə 1400 dollar arasında qalır.

Elm adamları çirkləndirənin ödəniş etdiyi bir vergi sisteminin qlobal ekoloji fəlakətləri təkbaşına dayandıra bilməyəcəyini, lakin dayanıqlı istehlak modelinə keçiddə çox mühüm bir mənbə yaradacağını vurğulayırlar.

Araşdırmaya görə, ABŞ və Çindəki ən zəngin təbəqədən alınacaq mühafizəkar nisbətdəki ekoloji vergilər belə 2030-cu ilə qədər qlobal biomüxtəlifliyin qorunması fondlarındakı yüz milyardlarla dollarlıq kəsiri bağlamağa qadirdir.

Ekspertlər bu qrupdan toplanacaq vergilərin həm cəmiyyətləri ekoloji tənəzzüldən qoruyacaq böyükmiqyaslı transformasiyaları maliyyələşdirə biləcəyini, həm də azgəlirli ailələrin həyat standartlarını yaxşılaşdırmaq üçün istifadə edilə biləcəyini ifadə edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu