Rumıniya Almaniyadan NATO-nun şərq cinahına əlavə hərbçilər göndərməyi istəyib
Rumıniya Almaniyadan öz ərazisində hərbi mövcudluğunu gücləndirməyi, o cümlədən əlavə hərbi bölmələr və texnika yerləşdirməyi xahiş edib.
AFN.az xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Dan Nekulesku Berlində almaniyalı həmkarı İohann Vadeful ilə danışıqlardan sonra açıqlayıb.
Buxarest müraciətini Qara dəniz regionunda vəziyyətin gərginləşməsi ilə əsaslandırır. “Bild” nəşrinin məlumatına görə, Nekulesku Rusiyanın təxribatlarının artdığını bildirib. Onun sözlərinə görə, bu hallara hava məkanının pozulması, mülki gəmilərə hücumlar və təxribatlar daxildir.
Rumıniya NATO ölkələri arasında Ukrayna ilə ən uzun quru sərhədinə malikdir və müharibənin nəticələrinə qarşı xüsusilə həssas mövqedədir.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Rusiya pilotsuz uçuş aparatları ölkənin hava məkanına 33 dəfə daxil olub. Bu hadisələrin 18-i 2026-cı ildə qeydə alınıb. Üç dron vurulub. May ayında pilotsuz aparatlardan biri Qalaç şəhərinin sıx məskunlaşmış ərazisinə düşüb, nəticədə iki nəfər xəsarət alıb.
Buxarest həmçinin Almaniyanın Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzinin yaradılması layihəsində iştirakına ümid edir. Rumıniya ərazisində yerləşdirilməsi planlaşdırılan mərkəz regiondakı vəziyyətə nəzarət imkanlarını yaxşılaşdırmalıdır.
Nekulesku Almaniyanın bu layihəyə qoşulmasını zəruri hesab etdiyini bildirib.

