Hakan Fidan: Düşünürəm ki, Gürcüstan mesajımızı başa düşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Batumidə “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən UEFA Avropa Liqası matçı zamanı baş verən insidentlərə münasibət bildirib.
AFN.az xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyənin əsas məqsədi gərginliyin azaldılması, heç bir Türkiyə vətəndaşının saxlanılmaması və xəsarət almamasını təmin etməkdir.
Fidan bildirib ki, bununla bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, prosesə digər nazirliklər də cəlb olunub.
O, Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandiyanın lazımi xəbərdarlıqların edilməsi və müzakirələrin aparılması üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığını xatırladıb.
“Bu, bizim üçün qətiyyən qəbuledilməz vəziyyətdir. İki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğun deyil. Azarkeşlərimizə qarşı bu cür rəftarla barışa bilmərik. Düşünürəm ki, bu məsələ ilə bağlı mesajlarımızı başa düşüblər”, - deyə Hakan Fidan vurğulayıb.
