Nvidia casusluq iddialarını araşdırmaq üçün ABŞ-ın nüfuzlu hüquq firmasını cəlb edib



Nvidia şirkəti həmtəsisçisi və baş icraçı direktoru (CEO) Censen Huang ilə Çin agenti olduğu iddia edilən qadın arasındakı münasibətləri araşdırmaq üçün ABŞ-ın aparıcı hüquq firmalarından biri ilə müqavilə bağlayıb. 

AFN.az xəbər verir ki, şirkətin həmtəsisçilərindən olan Censen Huang nikahından kənar münasibət yaşadığını etiraf edib, Elis Huang adlı qadının isə Pekinin adından casusluq etdiyi iddia olunur.

Nvidia çərşənbə axşamı yaydığı açıqlamada Nyu-Yorkda yerləşən Wachtell, Lipton, Rosen & Katz hüquq firması ilə əməkdaşlığa başladığını bildirib. Hərtərəfli və müstəqil araşdırmanı firmanın vəkillərindən Jun Kim aparacaq. Hadisə ilə bağlı ABŞ Federal Təhqiqat Bürosu (FBI) da öz araşdırmasını davam etdirir.

Cümə günündən bəri bazar dəyəri 500 milyard dollar azalan şirkətin səhmləri son bir ilin ən aşağı səviyyəsinə yaxınlaşıb.

Süni intellekt alətlərində istifadə olunan kompüter çiplərinin yeganə istehsalçısı olan Nvidia süni intellekt sektorunun ən mühüm şirkətlərindən biri hesab edilir. Apple-dan sonra dünyanın ən dəyərli ikinci şirkəti mövqeyində olan Nvidia-nın istehsal etdiyi çiplər süni intellekt yarışında qalib gəlmək istəyən ABŞ rəsmiləri üçün milli təhlükəsizlik məsələsinə çevrilib.

Huang Le adı ilə də tanınan, lakin Censen Huang ilə qohumluğu olmayan Elis Huang Nvidia-nın müştərisi olan Sinqapur mərkəzli Megaspeed şirkətində rəhbər vəzifədə çalışıb. Megaspeed-in Nvidia çiplərinin Çinə yönləndirilməsinə kömək etdiyindən şübhələnilib, lakin Nvidia aparılan araşdırmanın nəticəsində bu narahatlıqların əsassız olduğunun müəyyən edildiyini bildirib.

Nvidia, həmçinin ABŞ hökumətinin Megaspeed şirkətinin kəşfiyyat təhdidi yaratdığı barədə onlara heç bir məlumat vermədiyini açıqlayıb.

New York Times qəzetinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu ilin əvvəlində Vaşinqtondakı yüksəkvəzifəli rəsmilərə məktub göndərərək Censen Huangın Çin agenti ilə yaxın münasibətdə olması barədə xəbərdarlıq edib.

Pekin rəhbərliyi Nvidia rəhbərinin hədəfə alındığı barədə iddiaları rədd edib. Çin Xarici İşlər Nazirliyi ittihamların Çini gözdən salmaq məqsədi daşıdığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi verdiyi açıqlamada Censen Huang ilə görüşdüyünü bildirib. Tramp Huangın qadının agent olduğundan xəbərsiz olduğunu dediyini çatdırıb və ona inandığını ifadə edib.

Bununla belə, məsələ siyasətçilərin diqqət mərkəzində qalmaqda davam edir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbərləri Huangdan gələn həftə mətbuat üçün qapalı keçiriləcək məlumatlandırma toplantısında iştirak etməsini istəyiblər.

Komitənin müraciətindən xəbərdar olan mənbə Nvidia rəhbərinin toplantıda iştirak edib-etməyəcəyini hələ açıqlamadığını bildirib. Komitə zəruri hesab etdiyi təqdirdə Huangi ifadə verməyə məcbur etmək səlahiyyətinə malikdir.

Nvidia-nın direktorlar şurası bazar günü araşdırmaya başlanacağını açıqlayıb. Şirkət bəyan edib ki, kommersiya sirlərinin və ya milli təhlükəsizliyin təhlükə altına düşdüyünə inanmaq üçün heç bir əsas yoxdur. Araşdırmaya müstəqil direktorlardan ibarət komitə nəzarət edəcək.

ABŞ-ın ən böyük hüquq firmalarından biri olan Wachtell, eyni zamanda OpenAI və Salesforce kimi texnologiya sektorunun bir sıra mühüm müştərilərinə hüquqi xidmət göstərir. Araşdırmanı aparacaq Jun Kim isə Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokurorunun müavini vəzifəsində çalışıb, uzun illər dələduzluq və digər cinayət əməlləri üzrə ixtisaslaşan dövlət vəkili olub.

Məsələyə yaxın mənbələr Censen Huangın ictimai imicinin şirkətlə sıx bağlı olması səbəbindən araşdırmanın təcili qaydada aparılacağını bildirirlər. Texnologiya dünyasının əsas simalarından birinə çevrilən Huang süni intellekti elektrik enerjisinin ixtirası ilə müqayisə edərək onu yeni sənaye inqilabı adlandırır.

Wachtell firmasının Elis Huang ilə görüşüb-görüşə bilməyəcəyi hələlik məlum deyil. Nvidia-nın sözçüsü şirkətdaxili araşdırma və FBI-nın istintaqı davam etdiyi müddətdə Censen Huangın özünə ayrıca hüquqi nümayəndə tutub-tutmadığı barədə suala cavab verməkdən yayınıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu