ABŞ-ın borcu ilk dəfə 33 trilyon dolları keçib


ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin borcu 33,04 trilyon dollara çatıb.


ABŞ Konqresinin 2023-cü maliyyə ilinin başa çatacağı sentyabrın sonunda yeni müvəqqəti büdcə qəbul etməyə çalışdığı bir vaxtda ölkənin borcu tarixi səviyyəyə yüksəlib.

Amerikanın uzunmüddətli maliyyə problemlərini həll etmək üçün çalışan "Peter G. Peterson" Fondunun baş icraçı direktoru Maykl Peterson mövzu ilə bağlı etdiyi şərhdə, qanunvericilərin qısa müddətli maliyyə böhranından digərinə "sürükləndiyi" bir vaxtda ABŞ-ın milli borcunun trilyonlarla dollar artmağa davam etdiyini söyləyib.

Ölkədə iyun ayında yaşanan borc limiti "hesablaşmasından" sonra 32 trilyon dollarlıq yeni borc limitinin keçildiyini ifadə edən Peterson, siyasətçilərin problemi həll etməyən partizan döyüşləri yerinə əsas problem olan borcun özünə fokuslanmasını, amerikalıların real maliyyə problemlərini həll etməsini istədiyini ifadə edib.

Yanvarın 19-da ABŞ 31,4 trilyon dollar borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb.

Borc limiti ilə bağlı uzun danışıqlardan sonra Konqresdə razılıq əldə olunub və ABŞ prezidenti Co Bayden iyun ayında borc limitini artırmaqla ölkənin defolt vəziyyətinə düşməsinin qarşısını alacaq qanun layihəsini imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu