Amazon Autos 2027-ci ildə ilk dəfə ABŞ hüdudlarından kənarda fəaliyyətə başlayacaq



Amazon şirkəti avtomobil alqı-satqısı xidməti Amazon Autos-u 2027-ci ilin əvvəlində Böyük Britaniyada istifadəyə verməyi planlaşdırır. 

AFN.az xəbər verir ki, şirkətin çərşənbə günü açıqladığı bu qərar Amazon-un onlayn avtomobil satış platformasını ilk dəfə ABŞ-dan kənara genişləndirməsi olacaq.

Hyundai platformanın ilk tərəfdaşlarından biri olacaq və yeni, eləcə də işlənmiş elektrik, hibrid və benzin mühərrikli avtomobillərini satışa çıxaracaq. Təklif olunacaq modellər arasında IONIQ 3, IONIQ 5, KONA və i20 də var.

Vertu Motors diler qrupuna məxsus işlənmiş avtomobillər də xidmət istifadəyə verilən zaman platformada yerləşdiriləcək. Amazon-un məlumatına görə, qarşıdakı aylarda digər avtomobil markaları və dilerlər də elan olunacaq.

Alıcılar Amazon.co.uk saytında avtomobillərə baxa, ilkin qiymətləri görə, avtomobil rezerv edə, mövcud nəqliyyat vasitələrinin təxmini dəyərini öyrənə və maliyyələşdirmə imkanlarını araşdıra biləcəklər. Bununla belə, avtomobilin alqı-satqısı diler mərkəzində tamamlanacaq.

Amazon-un bildirdiyinə görə, qiymətləri hər bir diler özü müəyyən edəcək.

Amazon Autos International şirkətinin direktoru Mett Naffort bildirib ki, avtomobil almaq insanların etdiyi ən böyük alış-verişlərdən biridir və şirkət bu prosesin Amazon-da digər məhsulların alınması kimi sadə və şəffaf olmasını istəyir.

Amazon Autos 2024-cü ilin dekabrında ABŞ-da fəaliyyətə başlayıb. Şirkətin məlumatına görə, xidmət o vaxtdan bəri 150-dən çox şəhərdə istifadəyə verilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu