Yaponiya Mərkəzi Bankından rəqəmsal pul və süni intellekt xəbərdarlığı



Yaponiya Bankının (BOJ) icraçı direktoru Kazuşiqe Kamiyama qlobal siyasətçiləri yeni rəqəmsal pul formalarının və maliyyə infrastrukturunun yaratdığı maliyyə sabitliyi və kibertəhlükəsizlik risklərinə qarşı müdafiəni gücləndirməyə çağırıb.

AFN.az xəbər verir ki, o, bu risklərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Kamiyamanın sözlərinə görə, stabilkoinlər və tokenləşdirilmiş depozitlər kimi yeni rəqəmsal pul formalarının yanaşı mövcud olması və qarşılıqlı əlaqədə işləməsi gözlənilir. Bu isə siyasətçilər qarşısında yeni vəzifələr yaradır. Əsas məsələlərdən biri müxtəlif rəqəmsal pul formalarının lazımsız parçalanmaya səbəb olmamasını və maliyyə sabitliyini təhlükə altına atmamasını təmin etməkdir.

Kamiyama bildirib ki, süni intellektdən istifadənin genişlənməsi də kibertəhlükəsizlik sahəsində yeni risklər yaradır. Bu texnologiyanın sistemlərdəki boşluqları aşkar etmək və onlardan sui-istifadə etmək imkanlarının artması dövlət qurumlarını və maliyyə institutlarını müdafiə mexanizmlərini gücləndirməyə məcbur edir.

Yaponiya Bankının rəsmisi Tokioda Beynəlxalq Valyuta Fondunun rəqəmsal pul və ödənişlərə həsr olunmuş seminarında çıxışı zamanı texnoloji yeniliklərin pul və ödəniş sistemlərini təkmilləşdirmək üçün böyük imkanlar yaratdığını, lakin innovasiyaların etimadla paralel inkişaf etməli olduğunu bildirib.

O vurğulayıb ki, mərkəzi bank pulları pul sistemində etimadın əsas dayağı rolunu oynamaqda davam edəcək.

Tokenləşdirmə istiqrazlar, depozitlər və qiymətli kağızlar kimi aktivlərin proqramlaşdırıla bilən platformalarda alınıb-satıla və hesablaşmaları aparıla bilən rəqəmsal tokenlərə çevrilməsi prosesidir.

Kamiyamanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində siyasətçilər bu sahədə təcrübə mərhələsindən daha geniş istifadəyə imkan verən qaydaların və infrastrukturun yaradılmasına keçirlər. Bununla yanaşı, tokenləşdirilmiş maliyyənin tənzimlənən pul sistemi və ənənəvi maliyyə sektorunun çərçivəsində qalması təmin edilməyə çalışılır.

O bildirib ki, tokenləşdirmə müxtəlif qurumlar və bazarlar arasında yeni ticarət kanalları yaratmaqla gərginlik dövrlərində bazardakı dəyişiklikləri gücləndirə bilər. Kamiyama bunu diqqətlə izlənilməli risklərdən biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, bir-biri ilə əlaqəli platformalar kibertəhlükəsizlik insidentlərinin sürətlə yayılmasına da şərait yarada bilər. Buna görə yeni platformalar ilkin mərhələdən təhlükəsizlik və dayanıqlılıq prinsipləri əsasında qurulmalıdır.

Kamiyama texnoloji çətinliklərlə yanaşı, siyasətçilərin tokenin ötürülməsinin əsas aktivə dair hüquq və öhdəliklərin də hüquqi baxımdan ötürülməsi demək olub-olmadığını aydınlaşdıran qanunvericilik mexanizmləri yaratmalı olduğunu bildirib.

O qeyd edib ki, tokenləşdirmənin üstünlüklərindən yararlanmaq yalnız texnologiyadan deyil, həm də düzgün institusional mexanizmlərdən, aydın hüquqi çərçivələrdən və dövlət-özəl sektor əməkdaşlığından asılıdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu