Belçika nüvə elektrik stansiyalarını milliləşdirməyə hazırlaşır



Belçika hökuməti "Engie" şirkətinə məxsus "Doel" və "Tihange" nüvə elektrik stansiyalarının dövlət tərəfindən təhvil alınması üçün rəsmi danışıqlara başlayıb. 

AFN.az xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever sosial media hesabından etdiyi paylaşımda tərəflərin nüvə stansiyalarının tam satınalma şərtlərini müəyyənləşdirmək və lazımi işlərə başlamaq üçün razılığa gəldiklərini bildirib.

Baş nazir qeyd edib ki, proses tam başa çatana qədər stansiyaların sökülməsi ilə bağlı bütün fəaliyyətlər dayandırılıb. De Veverin sözlərinə görə, hökumət qalıq yanacaq idxalından asılılığı azaltmaq məqsədilə təhlükəsiz, münasib qiymətli və dayanıqlı enerji yolunu seçib.

Aparılan danışıqlar "Engie" və onun Belçikadakı törəmə şirkəti olan "Electrabel"in sahib olduğu və idarə etdiyi bütün nüvə fəaliyyətlərini əhatə edir. Bura "Doel"dəki 4 və "Tihange"dəki 3 nüvə reaktoru ilə yanaşı, bütün personal, iştirakçı müəssisələr, aktivlər və öhdəliklər daxildir.

Belçika federal hökuməti mövcud reaktorların istismar müddətini uzatmağı və ölkədə yeni nüvə potensialını inkişaf etdirməyi planlaşdırır.

Hazırda Belçikanın Niderland sərhədinə yaxın "Doel" stansiyasında 4, Almaniya və Lüksemburq sərhədi yaxınlığındakı "Tihange" stansiyasında isə 3 olmaqla cəmi 7 reaktoru mövcud idi.

Lakin hazırda onlardan yalnız "Doel 4" və "Tihange 3" fəaliyyətini davam etdirir. Sözügedən iki reaktoru lisenziyası 2035-ci ilə qədər uzadılıb.

Digər 5 reaktor 2022-2025-ci illər arasında bağlansa da, hökumət bəzi reaktorların yenidən işə salınmasını və ya mövcud olanların ömrünün daha da uzadılmasını nəzərdən keçirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu