Heqset: İranla müharibə razılıqsız davam edə bilər



ABŞ-ın müdafiə naziri Pit Heqset Konstitusiyanın 60 günlük qanuni məhdudiyyətinə baxmayaraq, İranla müharibənin Konqresin razılığı olmadan davam etdirilə biləcəyini qeyd edib.

AFN.az xəbər verir ki, Heqset Baş Qərargah rəisi Den Keyn ilə birlikdə Pentaqonun 2027-ci maliyyə ili üçün rekord səviyyədəki büdcə tələbi ilə bağlı Senatın Silahlı Qüvvələr Komitəsində sualları cavablandırıb.

Yaxın Şərqdə davam edən hərbi gərginliyə toxunan Heqset ABŞ və İran arasındakı atəşkəs rejimi səbəbindən Konqresin xüsusi icazəsi olmadan qeyri-müəyyən müddətə müharibə vəziyyətində qala biləcəklərini müdafiə edib. 2 martda başlayan 60 günlük qanuni müddətlə bağlı israrla verilən suallara cavab olaraq nazir müharibənin nə vaxt başa çatacağına və Konqresdən nə vaxt səlahiyyət alınmalı olduğuna dair yekun qərarın Ağ Evə məxsus olduğunu bildirib. O, "Hazırda atəşkəs vəziyyətindəyik və anladığımız qədərilə 60 günlük müddət atəşkəs dövründə dayandırılır" deyə qeyd edib.

Müdafiə nazirinin bu iddiası Demokrat senatorların sərt təpkisinə və etirazına səbəb olub. Komitənin Demokrat üzvləri mövcud qanunvericiliyin Ağ Evin ya cümə günündən etibarən bölgədən qoşunları çıxarmağa başlamasını, ya da iki aydır davam edən müharibə üçün Konqresin rəsmi razılığını almasını tələb etdiyini vurğulayıblar.

Heqsetə etiraz edənlər arasında olan Virciniya senatoru Tim Keyn "Bu, administrasiya üçün həqiqətən mühüm hüquqi sual doğurur. Burada ciddi konstitusiya narahatlıqlarımız var" ifadələrini işlədib. Massaçusets senatoru Elizabet Uorren isə həmkarını dəstəkləyərək, "Müharibə hərəkətlərinə blokada da daxildir. ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını blokadaya alıb" deyərək atəşkəs dövründə də əslində müharibənin davam etdiyi fikrini müdafiə edib.

Qeyd edək ki, ABŞ-da 1973-cü il tarixli "Müharibə Səlahiyyətləri Qətnaməsi"nə əsasən, hərbi qüvvələrin yerləşdirilməsi və ya hücumlardan sonrakı 48 saat ərzində administrasiya Konqreslə məsləhətləşməli və qanunvericilər əməliyyatların davamına icazə vermədikcə 60 gün ərzində qoşunları geri çəkməlidir. Hökumət bu müddəti qoşunların təhlükəsiz geri çəkilməsini təmin etmək üçün daha 30 gün uzada bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu